Biz qlobal tarixin kəsişən nöqtəsində yaşayırıq. Bu dəyişikliklər təkcə nəzəri deyil, həmçinin real vaxtda ərsəyə gəlməkdədir.
Modern.az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasında Türkiyə Böyük Millət Məclisinin üzvü, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
İkinci Dünya müharibəsindən sonrakı düzənin hələ də tam başa çatmadığını söyləyən Mövlud Çavuşoğlu bildirib: “Lakin biz qəbul etməliyik ki, 80 il yaşadığımız dövr artıq dəyişir. Türkiyə olaraq düşünürük ki, əvvəlkindən fərqli olaraq Rusiya-ABŞ-dan çox, Çin-ABŞ rəqabətini görəcəyik. Parçalanmış dünyada yeni güclər səhnəyə çıxmaqdadır. Bu məsələlər qlobal Qərb tərəfindən başa düşülməlidir. Biz ən azından gözləntiləri başa düşməliyik. Əvvəlki sistem hələ tam dağılmayıb. Biz islahatlar apararaq hamının iştirakı ilə yeni sistem qurmalıyıq. Əməkdaşlıq çərçivəsində münasibətləri dəyişməliyik”.
Çavuşoğlu Suriyada baş verənlərə də münasibət bildirib: “Biz çalışırıq yeni hökumətə, ölkənin bərpasına kömək edək. Suriyada isə yeni dövr başlanıb və Türkiyə çalışır ki, keçid dövrü hakimiyyətinin cəhdləri uçuruma getməsin. Prezident Ərdoğan bu bölgədə problemlərin həllində çox fəaldır. Ərdoğan bir nömrəli siyasətçidir ki, bütün tərəflərlə əlaqələr saxlayır və işləyir. Yalnız regional güclərlə işləmək olmaz. Amma regional güclər münaqişələrin həllində daha real addımlar ata bilərlər. Biz NATO üzvüyük, amma Rusiya ilə yaxşı münasibətlərə sahibik. İlkin dövrdə NATO üzvü olan Türkiyənin Rusiya ilə dialoq qurmasını birmənalı qarşılamadılar. Amma vaxtında Türkiyənin addımları dəstəklənsəydi, müharibənin illərlə davam etməsi əvəzinə biz ilk mərhələdə atəşkəsə nail ola bilər, Ukraynanın təhlükəsizliyini təmin edə bilərdik”.