AZ

İƏİT İsveçin iqlim və ətraf mühit siyasətini tənqid edib

Stokholm, 13 mart, Nərgiz Cəfərli, AZƏRTAC

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilati (İƏİT) İsveçin 2030-cu ilə qədər iqlim və ətraf mühitlə bağlı hədəflərinə nail olmamaq riski ilə üzləşdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, təşkilat özünün son hesabatında hazırkı hökumətin siyasətinin 2045-ci ilə qədər tullantıların sıfıra endirilməsi məqsədinə nail olmaqda qeyri-müəyyənlik yaratdığını göstərir.

Tənqidlərin əsas səbəblərindən biri yanacaq vergisinin azaldılması olub ki, bu da nəqliyyat sektorunda stimulları zəiflədir. İƏİT bildirir ki, sənayedən emissiyalar artacaq və kənd təsərrüfatı, nəqliyyat da daxil olmaqla, qazıntı yanacaqları üçün davamlı vergi güzəştləri yanlış istiqamətdə atılmış addımdır.

Bundan əlavə, İƏİT diqqəti meşə təsərrüfatında ciddi problemlərə yönəldib. Təşkilatın məlumatına görə, intensiv ağac kəsimi biomüxtəlifliyə mənfi təsir göstərir və meşələrin karbon qazını udmaq qabiliyyətini azaldır. İsveç də 2030-cu ilə qədər özünün təbiət ərazilərinin azaldılması və qorunan meşə ərazilərinin genişlənmə sürəti 30 faizlik mühafizə hədəfindən geri qalır.

İqlim və ətraf mühit naziri Romina Purmoxtari tənqidlərə cavab olaraq bildirib ki, ətraf mühitin transformasiyası iqtisadi artımı və sənayenin qorunmasını nəzərə almalıdır. Meşə təsərrüfatına gəlincə, o qeyd edib ki, bir çox başqa ölkələrdən fərqli olaraq buradakı meşələrin əksəriyyəti xüsusi mülkiyyətdədir və meşə sahibləri təbiəti mühafizə proqramında fəal iştirak edirlər.

Müxalifət İƏİT hesabatını hökumətin iqlim siyasətinin uğursuzluğunun təsdiqi kimi qiymətləndirərək, İsveçin tullantıları digər Aİ ölkələrinə nisbətən daha sürətlə artırdığını və hökumətin bərpaolunan enerjiyə keçidi sürətləndirmək üçün təcili tədbirlərə ehtiyacı olduğunu bildirib.

İsveç Təbiəti Mühafizə Cəmiyyəti də hökuməti kursu dəyişməyə, iqlim və ətraf mühiti qorumaq üçün daha konkret tədbirlər görməyə çağırıb. İƏİT-in hesabatı 1996, 2004 və 2014-cü illərdə dərc edilmiş əvvəlki hesabatlarla birlikdə İsveçin ətraf mühit siyasətinin icmalları seriyasında dördüncüdür.

Seçilən
15
azertag.az

1Mənbələr