AZ

Abituriyentlərə vacib məsləhət: Qəbula düzgün hazırlaşmağın YOLLARI

"Blok imtahanlarında açıq suallardan çox qapalı suallara üstünlük verilir".

 

Bu fikri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev səsləndirib.

 

Ekspertin sözlərinə görə, şagirdlər davamlı olaraq sınaq imtahanlarında iştirak etməsi onların xeyirinədir:

 

“Blok imtahanı, alt qrup istisna olmaqla, 3 fəndən ibarət olur. Abituriyentlər buraxılış imtahanından sonra bütün gücləri ilə blok imtahanına hazırlaşırlar. Bununla yanaşı, evdə fərdi şəkildə imtahana hazırlaşan abituriyentlər də var ki, onlar hər hansı bir fənni 0-dan oxumağa başlamalıdırlar.

 

Məsələn, Azərbaycan dili dərsliyinin ilk mövzusu olan fonetikanı oxuduqdan sonra abituriyent həmin mövzunu möhkəmləndirmək üçün test banklarından istifadə etməlidir. Xüsusilə tövsiyə edirəm ki, abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) test vəsaitlərinə üstünlük versinlər. Əvvəlcə DİM-in test vəsaitlərini tamamilə bitirdikdən sonra digər kursların vəsaitlərinə də müraciət edə bilərlər.

 

Bundan əlavə, abituriyentlər DİM-in təşkil etdiyi “OTK” sınaq imtahanlarında iştirak edərək bilik və bacarıqlarını yoxlamalıdırlar. Ümumiyyətlə, blok imtahanlarında açıq suallardan çox qapalı suallara üstünlük verilir. Bu səbəbdən abituriyent test bankından sualları işləyərək daha sonra cavabları yoxlamalı və öz səhvlərini təhlil etməlidir. Beləliklə, səhvlərini müəyyənləşdirən abituriyent eyni xətanı bir daha təkrarlamaz".

 

Ekspertin sözlərinə görə, abituriyentlər mərhələli şəkildə hazırlaşaraq və DİM-in təşkil etdiyi “OTK” sınaq imtahanlarında davamlı iştirak edərək blok imtahanına tam hazır vəziyyətə gələ bilərlər.

Seçilən
11
azedu.az

1Mənbələr