AZ

PREZIDENTİN NAZİRLƏR KABİNETİNƏ VERDİYİ VAXT BİTİR – Sosial müavinətlər və təqaüdlər nə zaman artırılacaq?

Prezident İlham Əliyev ötən il dekabrın 23-də “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla ölkədə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Habelə ölkə başçısı Nazirlər Kabinetinə tapşırıb ki;

-əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Prezidentinə təqdim etsin;

-sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Prezidentə təqdim etsin;

-Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Prezidentə məlumat versin.

Sərəncamda Nazirlər Kabinetinə tapşırılan işlərin bir qismi vaxtında yerinə yetirilib, artıq ölkədə minimum əmək pensiyası 280 manatdan 320 manbata çatdırılıb, dövlət büdcəsində maliyyələşən təşkilatlarda çalışanların maaşları 10-15 faiz artırılıb.

Prezidentin sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı Nazirlər Kabineti qarşısında qoyuduğu məsələ martın 23-ə qədər həllini tapmalıdır. Çünki hökumətə verilən vaxt bu tarixdə tamam olur. Amma hələlik Nazirlər Kabinetinin Prezidentə bu barədə təkliflərini təqdim edib-etməməsi məlum deyil.

İqtisadçı, deputat Vüqar Bayramov  açıqlamasında bildirib ki, bir sıra təqaüdlərdə artımlar ilə bağlı təkliflər hazırda Nazirlər Kabineti tərəfindən hazırlanır: “Təkliflərin bu ayın ikinci yarısında dövlət başçısına təqdim edilməsi gözlənilir. Bu o deməkdir, yaxın zamanlarda bir sıra digər müavinət və təqaüdlərdə də artımlar olacaq”.

Qeyd edək ki, ölkədə 160 min nəfər yaxın vətəndaş aylıq 220 manat yaşa görə təqaüd alır. 300 minə yaxın üzvü olan 70 mindən artıq ailə də ünvanlı sosial yardımla təmin olunur.

Bu il yanvarın 1-dən etibarən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Göründüyü kimi, yaşaya görə təqaüd alanlar pensiyaçılar üçün hesablanmış yaşayış minimumundan az vəait alır. Habelə, sosial yardımın minimum məbləği də hər fərdin ehtiyac meyarına uyğunlaşdırılmalıdır. Hazırda bu məbləğ 240 manat olmaqla ölkə üzrə ümumi ehtiyac meyarından 45 manat azdır.

Nazirlər Kabinetinin artımlarla bağlı Prezidentə göndərəcəyi təkliflərə əlillərə verilən müavinətlərin artırılmasının daxil edilməsi məntiqli olardı. Qeyd edək ki, hazırda ümumi səbəblərdən III dərəcəli əlilliyə görə 150 manat, II dərəcəyə görə 220, I dərəcəyə görə isə 270 manat ödənilir. Orqanizim funksiyalarının 80-100 faiz pozulan əlillərə həm də 200 manat Prezident təqaüdü, ona qulluq edən şəxsə isə 100 manat müavinət verilir.

Göründüyü kimi, əlillərə verilən müavinətlər ehtiyac meyarından xeyli azdır, bu məbləğlərin də artırılmasına ciddi ehtiyac var.

Bundan başqa müharibə veteranlarına verilən 80 manat müavinət də dəfələrlə parlament üzvləri, ekspertlər tərəfindən kəskin qınağa məruz qalıb. Azərbaycanın sosial təminat sistemində bundan aşağı müavinət yoxdur. Hökumətə ünvanlanan ictimai təkliflərə görə veteranlara ən azı bundan 2 dəfə çox müavinət verilməlidir.

Son illər ölkədə ərzağın, gündəlik tələbat mallarının, kommunal və digər xidmətlərin qiymətlərin bahalaşması digər sosial ödənişlərin artırılmasını da zəruri edir. Bu sırada şəhid ailələrinə, müharibə əlillərinə ödənilən müavinətlətın yüksəldilməsi prioritet olmalıdır.“AzPolitika.info”

Seçilən
4
1
veteninfo.az

2Mənbələr