İtaliyada 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.
Zəlzələnin episentri Neapolun qərbindəki Kampi Fleqrey bölgəsinin Pozzuoli şəhərinin sahillərində 2 kilometr dərinlikdə qeydə alınıb. Bölgədə müxtəlif maqnitudalı ardıcıl 6 yeraltı təkan olub.
Təbiət hadisəsi Neapolun müxtəlif bölgələrində, xüsusən də hündürmərtəbəli binalarda aydın hiss olunub, əhali arasında təşviş yaradıb. Bəzi binalarda mənzillərin tavanı çöküb, tarixi binalarda böyük çatlar yaranıb, dağıntılar olub. Mülki müdafiə qüvvələri çətin vəziyyətdə qalan insanları xilas ediblər. İnsan itkisinin olmadığı bildirilir. Bölgədəki məktəblərdə tədris dayandırılıb.
Bu, bölgədə son bir ildə qeydə alınan ikinci eyni maqnitudalı zəlzələdir.
Qeyd edək ki, Kampi Fleqrey şəhəri qədim vulkanik kraterlərdən ibarətdir. Bölgədə seysmik aktivlik son dövrlərdə artıb. Sonuncu dəfə ən uzunmüddətli seysmik aktivlik isə 1980-ci illərin əvvəllərində qeydə alınıb.