"Görünən odur ki, Ermənistan Ukraynada baş verənlərdən nəticə çıxartmayıb”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Tural Gəncəliyev deyib.
Onun sözlərinə görə, Ermənistanın ən azından Avropa İttifaqı, Hindistan, Yunanıstanla əlaqələrində hərbi konponentin qabarıq olması da göstərir ki, Ermənistanda revanşizm davam edir.
Deputat bildirib ki, Ermənistan yenidən militarizasiya olunur:
"Hazırda dünya düzəni məhz logistik xəttlərin formalaşması və onun ətrafında gedən siyasət üzərində qurulur. Donald Tramp prezident seçilən kimi Qrenlandiyaya, Panama kanalına iddia etdi. Panama kanalı dünya ticarətinin keçdiyi əsas arteriyalardan biridir. Qrenlandiya şimal qütbündə ən çox ehtiyatların olduğu, Şərq və Qərb yarımkürələrini birləşdirəcək bir yerdir. Bunu ona görə vurğulayıram ki, Hindistan özünün strateji rəqibləri tərəfindən əhatələnib. Şimalda Çin, Pakistan, Əfqanıstan və ondan yuxarıda Türk dünyası. Çin bu məsələdə Hindistanı "ofsayt"da qoyub. Yeni "İpək Yolu" layihəsində Hindistan yoxdur. Hindistanın Hind okeanından çıxaraq Avropaya getmək istəyir. Bunun da iki yolu var. Biri fars körfəzindən, digər yol isə Qırmızı dənizdən keçməklə gediş əldə etməkdir. Hər iki yolda situasiya qeyri-stabildir. Ona görə də Hindistan Cənubi Qafqazdan, Ermənistandan siyasi manipulyasiya edərək vəziyyətdən çıxmağa çalışır. Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın öz öhdəliyinə əməl etməməsinin əsas səbəblərindən biri də İrəvan hökumətinə verilən stimuldur. Ermənistan, xüsusən İran və Hindistan Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil".
Tural Gəncəliyev: Paşinyan "sülh kəsişməsi" kimi çox mənasız layihələrlə çıxış edir
Müsahibimiz vurğulayıb ki, Zəngəzur dəhlizi Orta Dəhlizin ən mühüm komponentidir:
"Çindən Avropayadək olan böyük bir koridor, layihədir. Ancaq Paşinyan "sülh kəsişməsi" kimi çox mənasız layihələrlə çıxış edir. Hindistan, İran və Ermənistan üçlüyü Orta Dəhlizdə maraqlı deyillər. Məhz o səbəbdən "sülh kəsişməsi" kimi alternativ layihələr ortaya atılır. Halbuki, Zəngəzur üzərindən sadəcə 40 km.lik məsafəni qət etmək yüzlərlə kilometr dağlıq ərazilərdən keçməkdən daha məntiqli və faydalıdır”.
Deputat qeyd edib ki, burada Çin və Hindistanın da maraqlı toqquşur:
“Əslində Çin istəyir ki, Orta Dəhlizin daim işlək, funksional olsun. Hindistan isə bunu istəmir. "Sülh kəsişməsi" Şimal-Cənub Dəhlizinə qarşı da bir təxribatdır. Orta Dəhliz üzərində əsas açar ölkə Azərbaycandır. Ermənistan isə Azərbaycanı, Türkiyəni iqnor edərək, nəzərə almayaraq öz layihələrini reallaşdırmaq istəyir".
Aydın Baxış