"Araz-Naxçıvan"la qarşılaşmada baş hakim və VAR məsələyə müdaxilə etməli idi".
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl deyib.
O, AFFA İntizam Komitəsinin Ağdam təmsilçisinin futbolçularını "Araz-Naxçıvan"la görüşdə baş verən qalmaqala görə cəzalandırmasına münasibət bildirib:
"Məsələni şişirtməyə və böyütməyə ehtiyac yoxdur. Belə bir hal dünya futbolunda var. Oyunlardan sonra İntizam Komitəsinin üzvləri bir araya gəlir və hakimlərin nəzərdən qaçırdığı məqamlara toxunur, yanlışlığa yol verən futbolçuları cəzalandırırlar. Burada qeyri-adi bir şey yoxdur. Elvin Cəfərquliyev və Musa Qurbanlının səhvləri varsa, biz başqa söz demirik".
Klub rəsmisi bununla bağlı heç bir şikayət etməyəcəklərini, lakin verilən qərara təəccübləndiklərini bildirib: "Qərarla bağlı şikayət etməyin yeri yoxdur. Dediyim kimi, əlavə şərhə ehtiyac yoxdur. Sadəcə, söyləmək istəyirik ki, oyun zamanı orada VAR mövcud idi və hakimlər nəzarət edirdilər. Futbolçularımızın yanlış davranışı var idisə, onların həmin vaxt cəzalandırılmalarını məqsədəuyğun hesab edirik. Çünki qarşıdakı oyunlara ciddi şəkildə hazırlaşdığımız bir vaxtda belə bir qərarla rastlaşdıq. Hər iki futbolçumuzun olmaması bizə ağır zərbədir. Ona görə də qarşılaşmanın gedişində baş hakim və VAR məsələyə müdaxilə etməli idi".
Qeyd edək ki, AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXVI turunda keçirilən "Araz-Naxçıvan" - "Qarabağ" matçında Ağdam təmsilçisinin üzvləri Elvin Cəfərquliyev və Musa Qurbanlını təcavüzkar davranışa görə biri şərti olmaqla 2 oyunluq cəzalandırıb.
İdman.biz