Son 4 ildə Azərbaycanda müasir (pivot) suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatların ümumi sahəsi 80 min hektardan 120 min hektara çatdırılıb.
FED.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev bildirib.
Onun sözlərinə görə, müasir suvarma sistemlərindən istifadənin genişləndirilməsi nazirliyin prioritet istiqamətlərindəndir: “Bu məsələ Aqrar Subsidiya Şurasının qərarları ilə dəstəklənir. Müasir suvarma sistemləri olan təsərrüfatlara 60 % çox subsidiya verilir. Belə stimullaşdırıcı tədbirlərin görülməsi davam etdiriləcək”.
F.Tağıyev qeyd edib ki, ölkədə pivot suvarma sistemlərinin tətbiqinin genişləndirilməsində Prezident İlham Əliyevin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 19 iyul 2022-ci il tarixli fərmanının xüsusi rolu var: "Pivot suvarma sistemləri quraraq ərzaqlıq buğda əkən fermerlərə stimullaşdırıcı tədbir olaraq hər ton məhsul üçün əlavə 100 manat məhsul subsidiyası verilir. Fərmanın məqsədi pivot suvarma sistemləri olan təsərrüfatları ərzaqlıq buğda istehsalına cəlb etmək, bununla da, ölkədə ərzaqlıq buğda istehsalını artırmaqdır. Artıq uğurlu nəticələr əldə edilib. Müasir suvarma sistemləri olan 22-24 min hektar sahədə ərzaqlıq buğda əkilib".
O qeyd edib ki, təsərrüfatların müraciətləri əsasında onların problemləri ümumiləşdirilir və həll edilir: “Bu problemlər elektrik enerjisi və su təchizatı, torpağın təyinatı ilə bağlıdır. Bəzi təsərrüfatlarda isə problem yoxdur. Bu çərçivədə fəaliyyət göstərən İşçi Qrupu problemlərin həlli istiqamətində tədbirlər görür. Ötən il pivot suvarma sistemli təsərrüfat qurmaq istəyən şəxslərin enerji problemləri aradan qaldırılıb, bu il isə suvarma problemlərinin həlli istiqamətində tədbirlər görüləcək”.
Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanda pivot suvarma sistemlərinin qurulmasında böyük hədəflər var: "İldə 4-5 min hektar ərazi pivot suvarma sistemləri ilə əhatə olunur. Bu rəqəmin artırılması üçün aidiyyəti qurumlarla iş aparılır. Pivot suvarma sisteminin tətbiq edilə biləcəyi sahələrin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir”. (Report)