AZ

Separatçılar və havadarlarının məhkəmə qorxusu– ÖZƏL

"Hazırda məhkəməsi keçirilən separatçıların və müharibə cinayətkarlarının ayrı-ayrı beynəlxaq təşkilatlar və dövlətlər tərəfindən müdafiə olunması, onların azadlığa buraxılması ilə bağlı edilən çağırışların arxasında əsasən iki səbəb dayanır. Bunlardan birincisi həmin təkşilatların və dövlətlərin öz maraqlarıdır. 
Bu təşkilatlar ayrı-ayrı dövlətlərin əlində oyuncağa çevrildikləri üçün faktiki olaraq onların sifarişlərini icra edirlər". 

Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Başqa sözlə desək, özlərinin   Cənubi Qafqaz maraqlarını təmin etmək istəyən ölkələr bunu ancaq Ermənistan üzərindən təmin edə biləcəklərini düşündükləri  üçün erməni maraqlarından çıxış edirlər. Onları erməni cinayətkarlarını dəstəkləməklə bir tərəfdən Ermənistan ictimai rəyində öz mövqelərini gücləndirməyə çalışır, digər tərəfdən isə regionun lider dövləti olan və Cənubi Qafqazı təsir altına almaq istəyən güclərin oyunlarını pozan  Azərbaycanla bağlı mənfi ictimai rəy formalaşdırmağa çalışırlar.
Digər səbəb isə separatçıların liderləri üzərində keçirilən məhkəmə prosesində hər gün daha çox faktların ortaya çıxması ilə bağlıdır. Ayrı-ayrı beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri uzun illər ərzində erməni diaspor təşkilatlarından və erməni fondlardan külli miqdarda maliyyə vəsaiti alaraq anti-Azərbaycan mövqeyi ortaya qoyublar. Məsələn, USAİD-nin rəhbəri Samanta Pauerin Ruben Vardanyanla əməkdaşlıq etdiyi və hətta erməni milyarderin "soyqırıma məruz qalmış ermənilər"ə yardım etmək məqsədilə yaratdığı "Avrora" təşkilatından 1 milyon dollar dəyərində mükafat aldığı artıq təsdiq olunmuş faktdır.  Ayrı-ayrı beynəlxaq təşkilatlarda isə Samanta kimilərin sayı kifayət qədərdir. Odur ki, indi separatçıları müdafiə edənlər əslində özlərinin ifşa olunması qorxusunu yaşayırlar və ona görə də ədaləti, beynəlxalq hüququ bir tərəfə atıb erməni dəstəkçisi qismində çıxış edirlər. 
Bu gün məhkəməsi keçirilən şəxslər, separatçı, terrorçu, müharibə cinayətkarlarıdır. Bunu "Gəncəni bombalama əmrini mən verdim" deyən Araik Arutunyan, separatçıları müharibəyə çağıran, təkcə Azərbaycanda deyil, Ukraynada da separatçı rejimi maliyyələşdirən Vardanyan özləri də etiraf ediblər. Terrorçuları məsuliyyətə cəlb etmək isə bizim təkcə hüququmuz yox, həm də beynəlxalq öhdəliyimizdir. Azərbaycanın qanunları, eləcə də beynəlxaq hüquq və qoşulduğumuz beynəlxaq konvensiyalar terrora və terrorçuluğa qarşı mübarizəni, terrorçuların məsuliyyətə cəlb edilməsini bir öhdəlik olaraq qarşımıza qoyur. Odur ki, bununla bağlı beynəlxaq təşkilatlar və erməni havadarı dövlətlərdən edilən hər hansı bir çağırış bizi cinayətkarları azad etməyə məcbur edə bilməz".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr