AZ

İcra başçısının oğlunun qalmaqallı qələbəsi: 700 minlik tender ləğv olunur?

Ötən günlərdə Laçın Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin nəticələri hələ də müzakirə edilir. Belə ki, qurum Qayğı qəsəbəsində abadlıq işləri, qəsəbə daxili yolların cari təmirini, işıqlandırmanı həyata keçirəcək və bu işlərin ümumi dəyəri 696 min 170 manat təşkil edir. İşin maraqlı tərəfi odur ki, tenderin qalibi Qobustanın icra başçısı Adil Məmmədovun oğlu, "Avtoyoltikintiservis" MMC-nin qanuni təmsilçisi Ramin Məmmədov olub. Bundan əvvəl də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin yaxın adamına tender "hədiyyə" etdiyi ortaya çıxmışdı. Vaxtaşırı yerli mediada bu cür məlumatlar yayımlanır. Xüsusilə tanışlıq, qeyri-şəffaflıq yolu ilə tenderlərin keçirilməsi narazılıq yaradır. Buna baxmayaraq faktların araşdırılması istiqamətində əsaslı addımlar atılmır.

Bu cür hallar aşkarlanarsa, tenderlər ləğv oluna bilərmi?

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Laçın Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderi Qobustan icra başçısının oğluna məxsus şirkət qazanıbsa, bu, qanunazidd deyil:

"Əgər şəxs Laçın icra başçısının yaxını olsaydı, o zaman qanun pozuntusu hesab olunardı. Bu istiqamətdə məhdudiyyətə də ehtiyac yoxdur. "Atam vəzifədədirsə, heç bir dövlət orqanları ilə işləyə bilmərəm", demək olmaz. Bu, insan haqlarının məhdudlaşdırılmasıdır. Amma Azərbaycanda keçirilən tenderlərin azı 95 faizi qanunsuz, qeyri-şəffaf, əvvəlcədən razılaşdırılmış formada və ya rüşvətlə əldə olunur. Hətta vəzifəli şəxsin oğlu və ya yaxını olmaya bilər, tamam başqa bir adamın adına da tenderlər alınır. Ümumən prosesdə qanunsuzluq olubsa, yəni obyektiv meyarlar deyil, digər səbəblərə görə seçim varsa, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tenderin nəticəsini ləğv edə bilər. Yaxud narazı tərəfin əlində faktlar varsa, məhkəməyə müraciət edərək nəticəni dəyişməsi mümkündür. Yəni Qobustan icra başçısının oğlunun qalib gəlməsi arqument deyil. Qanunsuzluq sübut edilməlidir".

ekrem

Əkrəm Həsənov

Ekspert bildirib ki, tenderlər şəffaf keçirilməlidir:

"İlin əvvəllərində keçiriləcək tenderlərin siyahısı müvafiq portalda yerləşdirilməlidir. İctimaiyyət, mətbuat, vətəndaşlar əvvəlcədən məlumatlı olmalı, prosesə hazırlaşmalıdırlar. Təəssüf ki, belə deyil. Proseduru çətinləşdirirlər ki, nəticədə özlərinə yaxın adamları qalib etsinlər. Hər kəsə aydındır ki, tenderlərin qalibləri vəzifəli şəxslərlə əlaqəli olanlardır. Korrupsiyada mübarizə ayrı-ayrı yerlərdə, sahəvi yox, sistemli olmalıdır. Dövlət məmurları hər il gəlirlərini bəyan etməlidirlər. Həmçinin ailə üzvlərinə də aiddir. Bu barədə Azərbaycanda 2005-ci ildə qəbul edilən qanun var. Onlar bəyan etməlidirlər ki, il ərzində nələr qazanıblar. Lakin qanunun tətbiqini görmürük. Digər tərəfdən dövlət reyestrləri qapalıdır. Hansı əmlak kimə məxsusdur, bilmirik. Bütün sivil ölkələrdə belə bilgilər açıqdır. İnformasiyalar əlçatan olsa, o zaman tenderlərinin kökünü də müəyyən edə bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr