AZ

Politoloq: ABŞ-nin İranla təmasa cəhdi sülh və təhlükəsizlik naminədir

Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik müşaviri ABŞ Prezidenti Donald Trampın məktubunu İrana çatdırıb.
Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi “Instagram” hesabında bildirib.
“Bu axşam mən BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaşla görüşdüm. İkitərəfli münasibətləri və regional məsələləri müzakirə etməklə yanaşı, ABŞ prezidentindən məktub da almışam”, - Araqçi qeyd edib.
Xameneinin Trampın məktubunu qəbul edib-etməyəcəyi bəlli deyil.
Xatırladaq ki, 2019-cu ildə Xamenei Trampın ilk səlahiyyət müddətində Yaponiyanın ovaxtkı Baş naziri Sindzo Abe vasitəsilə göndərdiyi məktubu qəbul etməkdən imtina edib.

Politoloq İlyas Hüseynov "Sherg.az"a söyləyib ki, İran və ABŞ arasında münasibətləri formalaşdırmaq üçün imkanlar araşdırılır:

"İran tərəfi Vaşinqtonla dialoqda maraqlı olmadığına işarə edib. Bu da kifayət qədər rezonans doğurdu. Hazırda isə yeni təmaslar qurulur. Eyni zamanda İranın nüvə proqramı ilə bağlı ABŞ-ın xüsusi metod və planı var. Amma Tehran elə başa düşür ki, Vaşinqton ona qarşı birbaşa olaraq çox sərt, kəskin münasibətlər yaradacaq. Buna görə də danışıqlardan imtina edilir. Digər tərəfdən hazırkı reallıqlar çərçivəsində növbəti təmasa cəhdi sülh və təhlükəsizlik naminədir. İran bu çağırışdan istifadə etsə, daha çox yararlı olar. Lakin bu dövlətin öz baxışları və yanaşmaları mövcuddur. Həmçinin ABŞ-ın da eyni cür israrlı təklifləri hər ölkəyə qarşı edilmir. Misal olaraq, Ağ Evin Ukraynaya qarşı da münasibətini gördük. Odur ki, danışıqlara qarşı çıxmaq ABŞ-İran əlaqələrinin digər formatlarına da təsir edə bilər. Ona görə də sülh, təhlükəsizlik naminə bundan çəkinmək lazımdır".
Seçilən
9
sherg.az

1Mənbələr