Bakı, TurkicWorld
Qırğızıstan və Tacikistan arasında 1991-ci ildən bəri davam edən sərhəd mübahisəsi rəsmi olaraq həll edilib.
TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, bu məqsədlə Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti Emoməli Rəhman dövlət sərhədinə dair saziş imzalayıblar.
Rəsmi mərasim Qırğızıstanın İntımak-Ordo Prezident sarayında keçirilib. Mərasimdən sonra liderlər arasında görüş baş tutub. Görüşdən sonra prezidentlər “Qırğız Respublikası ilə Tacikistan Respublikası arasında Qırğızıstan-Tacikistan dövlət sərhədi haqqında Saziş”i imzalayıblar.
Bu müqavilə iki ölkə arasında illərlə davam edən mübahisələri rəsmi şəkildə həll edib. Saziş çərçivəsində Kızıl-Bel və Kayrağaç avtomobil yollarında keçid məntəqələri videokonfrans vasitəsilə istifadəyə verilib.
Sazişin imzalanmasından sonra Japarov və Rəhman nümayəndə heyətinin alqışları altında bir-birini qucaqlayıblar. Qırğızıstan Prezidenti Sadır Japarov, bu tarixi addımla iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirərək, "Qırğızıstan və Tacikistan sərhədləri bundan sonra və əbədi olaraq qardaş ölkələr və xalqlar arasında dostluq sərhədi olacaq." - deyə bildirib.
Prezidentlər sərhədin açılmasının iki ölkə arasında iqtisadi və ticari əlaqələri də gücləndirəcəyini vurğulayıblar. Japarov qarşılıqlı reyslərin tezliklə bərpa ediləcəyini, eləcə də iki ölkə arasında avtobus marşrutlarının açılacağını qeyd edib.
Eyni zamanda, Qırğızıstanda yaşayan taciklərin ana dilinin qorunması və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məsələlərində də razılıq əldə olunub.
Tacikistan Prezidenti Emoməli Rəhman, sazişin təkcə sərhəd məsələsini deyil, həm də təhlükəsizlik və iqtisadi əməkdaşlığı da əhatə etdiyini bildirib.
Düşənbə-Bişkek-Düşənbə hava reyslərinin sabahdan etibarən fəaliyyətə başlayacağını elan edən Rəhman, eyni zamanda terror, ekstremizm, radikalizm, beynəlxalq cinayət təşkilatları, kibercinayətlər və narkotik qaçaqmalçılığına qarşı birgə mübarizə aparmaq barədə razılıq əldə olunduğunu qeyd edib.