Azərbaycanın idxal coğrafiyasında mühüm dəyişikliklər baş verib. Əvvəllər idxalda əsas tərəfdaş ölkə Rusiya olduğu halda, artıq ikinci ildir ki, Çin ilk sıradadır. Dövlət Gömrük Komitəsinin son məlumatlarına əsasən, 2025-cü ilin ilk ayında da Çin Azərbaycana ən çox məhsul ixrac edən ölkə olub.
Çinin idxalda ilk sıraya yüksəlməsi faktını Sfera.az-a şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, Çin məhsullarının daha ucuz olması və logistika xərclərinin azalması bu ölkədən idxalı artırır:
“Orta Dəhliz layihəsi çərçivəsində Çindən blok vaqonlar vasitəsilə malların daha rahat və ucuz gətirilməsi, həm qiymətləri aşağı salır, həm də tədarük prosesini sürətləndirir. Bundan əlavə, Çin istehsal etdiyi məhsulların geniş çeşidliyi və uyğun qiymətləri ilə qlobal bazarda dominant mövqeyə malikdir. Xüsusilə, məişət texnikası, tikinti materialları, elektronika və sənaye məhsulları sahəsində Çin istehsalçılarının təklif etdiyi rəqabətli qiymətlər Azərbaycanın ticarət balansında bu ölkənin payını artıran əsas amillərdəndir".
İqtisadçı hesab edir ki, Çindən idxalın artması yerli bazarda istehlakçılar üçün əlverişli qiymətlər və daha çox seçim imkanı yaradır, eyni zamanda, yerli istehsalçılar üçün ciddi rəqabət mühiti formalaşdırır:
“Azərbaycanda daxili istehsalın gücləndirilməsi və sahibkarların qorunması üçün əlavə stimullaşdırıcı tədbirlərin görülməsi vacibdir. Uzunmüddətli perspektivdə bu tendensiya Azərbaycanın ticarət balansında müəyyən risklər yarada bilər. Çindən asılılığın artması digər ölkələrlə idxal-ixrac əlaqələrinin balansına da təsir göstərə bilər. Belə olan halda, Azərbaycan ticarət siyasətində diversifikasiyaya üstünlük verməli və müxtəlif ölkələrlə ticarət əlaqələrini inkişaf etdirməlidir”.
Bəsti Rəfizadə