Goranboyda it öz sahibini parçalayıb.
Teleqraf xəbər verir ki, hadisə rayonun Baxcakürd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 64 yaşlı xanım (A.K) həyətində saxladıqları it tərəfindən hücuma məruz qalıb.
O, ağır vəziyyətdə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Xanımın Bakıda yerləşən tibb müəssisələrindən birinə köçürüləcəyi gözlənilir.
GWARP Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının Prezidenti, Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov "Sherg.az"a bildirib ki, tez-tez it sahibini parçalayıb kimi məqalələrlə rastlaşırıq:

“Təəssüf edirəm ki, bəzi medialar oxuyucu cəlb etmək üçün belə başlıqlar verirlər. Məqalənin özündə də heç bir məlumat olmur. İtin sahibini necə və niyə parçaladığını da araşdırmaq lazımdır ki, cəmiyyətdə heyvanlara qarşı qorxu, aqressiya yaranmasın. Biz belə halları araşdırdıqda rastlaşırıq ki, iti küçəyə buraxıblar və həmin it xəstəlik tutub. Ümumiyyətlə xəstəlik dövründə heyvanlar aqressiv olur. Bir çox hallarda isə insanlar itlərlə qeyri-normal, qeyri-professional davranırlar. Biz istəyirik ki, bu halların detalları araşdırılsın. Yaşadığım böyük evdə 70 dən çox it var. Onların bir neçəsi hazırda mənim yanımda, evin içindədir. 10 ildir heyvanların xilası ilə məşğulam və ilkin yardımları saysız hesabsız dərəcədə görsətmişəm. Normalda heç bir it öz sahibinə hücum etmir, xəsarət yetirmir”.