AZ

''Fənər''in futbolçusu Mourinyo ilə söz davasına çıxıb

''Fənərbaxça''da Joze Mourinyo ilə bir futbolçunun münasibətləri günü-gündən pisləşir. Söhbət Alan Sen-Maksimendən gedir.

''Football-plus.az'' xəbər verir ki, ''Fənərbaxça'' bu gün Avropa Liqasının 1/8 finalının cavab oyununda ''Reyncers''in qonağı olacaq və evdəki 1:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

İstanbul nəhəngi Qlazqo səfərinə iki itki ilə yollanıb. Bunlardan biri Çağlar Söyüncüdü. İlk görüşdə zədə alan bu müdafiəçi məcburiyyətdən səfərə aparılmayıb. Sen-Maksimendə isə durum fərqlidi. Bu futbolçu sırf Mourinyonun qərarı ilə İstanbulda qalmalı olub. 28 yaşlı vinger adının iştirak ərizəsinə salınmadığını bilən kimi maraqlı bir paylaşım edərək bunları yazıb:

''Məni yıxmaq üçün bundan daha artığı tələb olunur. Yalan liftə mindiyi bir vaxtda həqiqət hələ pilləkanları çıxır. Onun çıxması daha uzun çəkir. Amma sonda hər zaman üzə çıxır. Tanrı bizimlədisə, kim bizə qarşı ola bilər?'' Bu sözlər təbii ki, Mourinyoya ünvanlandı. Ona görə də oyunöncəsi mətbuat konfransında bu mövzunun gündəmə gətirilməsi sürpriz olmadı. Portuqaliyalı mütəxəssis özünəməxsus yumor hissini də qataraq yetirməsini sərt tənqid etdi: ''Sen-Maksimenin şeir yazmaq mövzusunda istedadının olduğunu bilmirdim. Bir oyunçu yaxşı məşq etmirsə, məşqə gec gəlirsə və oynamağa hazır deyilsə, lift ilə qalxmağa ehtiyac duyar. Çünki pilləkanlarla qalxsa, tez yorulacaq''.

Maraqlıdı ki, ikili arasında söz savaşı bununla bitmədi. Mourinyonun sözlərindən sonra təcrübəli futbolçu daha bir paylaşım etdi. O, 2022-ci ildəki çəkisini və ''Fənər''ə gəldikdən sonra olan çəkisini paylaşaraq ''yalanlar çiçək yaradır, amma meyvə yaratmır'' sözünü yazdı. Ümumi götürəndə Mourinyonun onu oynatmamaq qərarının yanlış olduğunu söyləmək çətindi. Bu futbolçu mövsümün əvvəlində 8 milyon avroya icarəyə götürülmüşdü. ''Fənər'' tarixində daha öncə bir oyunçunun icarəsi üçün heç vaxt bu cür böyük məbləğ ödənilməmişdi. Amma Sen-Maksimen ona bəslənən ümidlərin heç yarısını da doğrultmadı.

Bu mövsüm onun aktivində 26 rəsmi oyunda cəmi 3 qol, 4 məhsuldar ötürmə var. Fransalı ulduz əslində qış fasiləsində Türkiyəni tərk etməli idi. Amma onun ''Napoli''yə keçidi son anda müxtəlif səbəblər üzündən baş tutmadı. Artıq gözdən düşən Sen-Maksimen son oyunlarda gününü yalnız ehtiyat skamyada keçirir. Mourinyo ''Reyncers''ə qarşı ilk matçın ikinci hissəsində ona şans versə də, ümidlər yenə doğrulmadı. Məhz Sen-Maksimenin uğursuz asmasından sonra topu ələ keçirən ''Reyncers'' sürətli əks-hucum quraraq 3-cü qolu vurmuşdu.

ƏLİ
Seçilən
3
football-plus.az

1Mənbələr