AZ

Orxan Nəzərli: “Şəffaf işləyənlərə münasibət onları dəstəkləməyə yönəldilib”

2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunur. Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, ordumuzun misilsiz şücaəti ilə torpaqlarımızın işğaldan azad edilməsinin 5 illiyi Azərbaycanın suverenlik tarixinin vacib hadisələridir. Ölkəmizin uğurlarının təməlində, həmçinin, iqtisadi müstəqillik və iqtisadi tərəqqi dayanır.
Bu sözləri UNEC-də keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti - dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda konfransda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi (DVX) Orxan Nəzərli deyib. DVX rəisi vurğulayıb ki, ölkənin yeni strateji inkişaf dövründə iqtisadiyyatın davamlılığının təmin edilməsi, böyüməsi və artım sürətinin yüksəlməsi üçün maliyyə-vergi siyasəti, uçot sisteminin çevik hədəflərə adaptasiya oluna bilən nəticəyönümlüyü artmaqdadır.

Orxan Nəzərli vergi islahatlarının maliyyə nəzarətinin gücləndirilməsinə təsirlərinə toxunaraq, 2019-cu ildən vergi siyasətində başlamış olan yeni yanaşmaların “kölgə iqtisadiyyatı” ilə mübarizə, iqtisadiyyatda şəffaflıq səviyyəsinin artırılması, haqlı rəqabətin qorunması, dövlətin vergi tənzimləmə alətlərindən fəal istifadəsi, sahibkarlığın dəstəklənməsi olduğunu bildirib və məhz bu dövrdən başlayaraq sahibkarlıq subyektlərində vergi uçotuna yanaşmanın əsaslı şəkildə dəyişdiyini vurğulayıb. Qeyd olunub ki, son bir neçə ildə uçotun düzgün qurulması və şəffaf fəaliyyətin təmin edilməsi istiqamətində yanaşmalar vergi ödəyicilərinin uçotun qurulmasına münasibətində və “kölgə iqtisadiyyatı”nın leqallaşması istiqamətində əhəmiyyətli nəticələrə gətirib. Aktiv vergi ödəyicilərinin sayı 2019-cu illə müqayisədə 1,8 dəfə artaraq 2024-cü ildə 807 min təşkil edib. İqtisadi sistem üçün əhəmiyyətli olan ƏDV ödəyicilərinin sayı 3 dəfəyə yaxın artaraq 52,8 minə çatıb. Vergi qanunvericiliyində təsdiq edilmiş vergi təşviqlərinin hesabına 2019-cu ildən bu yana cəmi əmək müqavilələrinin sayı 471 minədək, o cümlədən qeyri-neft özəl sektorda 443 mindən çox artıb. Vergi islahatları nəticəsində qeyri-neft üzrə özəl sektorda əmək müqavilələrinin artımı 82,1% təşkil edir. Bu günə özəl bölmədə əmək müqavilələrinin sayı dövlət sektorunu üstələyir ki, bu da əmək bazarının əhəmiyyətli leqallaşmasını ifadə edir: “Həmçinin 2024-cü ildə cəmi əmək haqqı fondu 23,9 milyard manata çatıb ki, burada da 2018-ci illə müqayisə etsək, ümumilikdə 2,5 dəfə, qeyri-neft özəl sektorda isə 2,7 dəfə artım müşahidə olunur. Bildirilib ki, ƏDV ödəyiciləri üzrə qeyri-neft sektorunda e-qaimə fakturalar üzrə rəsmiləşən dövriyyələr 2024-cü il üzrə 11,4 faiz artıb. Aparılan islahatlar, xüsusilə rəsmiləşən əmək müqavilələri yüz minlərlə iş yerinin leqallaşmasına və beləliklə, vətəndaşlarımızın Konstitusiya ilə müəyyən edilmiş əmək hüquqlarının qorunmasına xidmət edib”.

Orxan Nəzərli bildirib ki, DVX-nin yanaşmasında intizamlı vergi ödəyicilərinə münasibətin intizamsız ödəyicilərdən fərqləndirilməsi mühüm yer tutur: “Bu gün şəffaf işləyən və ya işləmək istəyən hər bir sahibkar əmin olmalıdır ki, vergidən yayınmağa cəhd edən və yayınanlara münasibətdə o daha üstün mövqedədir. Buna görə də şəffaf işləyənlərə münasibət onları dəstəkləməyə, vergidən yayınanlara münasibət isə onlar üçün bazar mühitinin daraldılmasına yönəldilib. Bu həm də Konstitusiyamızla müəyyən edilmiş əsas müddəalardan birinə – haqsız rəqabətə yol verilməməsi və haqlı rəqabətin qorunmasına xidmət edir. DVX-nin 2025-2028-ci illər üzrə strategiyasının fəaliyyət istiqamətlərindən biri məhz vergidən yayınma ilə inamlı mübarizədir”.

DVX rəisi bildirib ki, keyfiyyətli vergi auditi institutunun inkişafında risk əsaslı yanaşma fəaliyyətin əsasını təşkil edir. Vergi xidmətində rəqəmsal platformaların təkmilləşdirilməsi səyyar vergi yoxlamalarının sayını əhəmiyyətli şəkildə azaltmağa imkan verib: “2024-cü ildə 800 mindən çox aktiv vergi ödəyicisinə münasibətdə cəmi 384 səyyar vergi yoxlaması aparılıb. Səyyar yoxlamaların sayı 2023-cü illə müqayisədə 29%, 2018-ci ilə nisbətən isə 5-6 dəfə azdır. Lakin ötən il bir yoxlamaya düşən effektivlik göstəricisi 37 faiz artıb və hər yoxlama üzrə hesablanmış vəsait 1,4 milyon manata yaxındır. Vergi nəzarətində əsas yük məsafədən bəlli məlumatlar əsasında aparılan kameral vergi yoxlamalarının üzərinə düşür ki, 2024-cü ildə belə yoxlamaların sayı 150 min təşkil edib. Beləliklə, bu gün vergi orqanları vergi ödəyiciləri bərədə tutumlu məlumata malikdir. Hər gün bu məlumatların həcmi, keyfiyyəti artmaqdadır”.

DVX rəisi bildirib ki, vergi nəzarətinin təkmilləşdirilməsi ilə yanaşı, vergi ödəyiciləri üçün uçot sisteminin sadələşdirilməsi ilə bağlı layihələr üzərində iş gedir. Bu layihələrin əsas məqsədi xidmət keyfiyyətinin və vergi ödəyicilərinin rahatlığının yüksəldilməsi üçün elektron xidmətlərin genişləndirilməsi, rəqəmsal həllərə söykənən dəyişikliklərlə ver¬gi ödəyicilərinin vaxt itkisinin aradan qaldırılmasıdır.

Orxan Nəzərli diqqətə çatdırıb ki, hazırda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın DVX-nin rəhbərlik etdiyi işçi qrupları çərçivəsində biznesə daxilolma və vergitutma istiqamətləri üzrə mühüm layihələr hazırlanır: “Bunların sırasında mikrosahibkarlar üçün əvvəlcədən doldurulmuş sadələşdirilmiş vergi bəyannamələri sisteminə keçidin təmin edilməsi, avtomatik doldurulmuş vergi bəyannaməsi sisteminə mərhələli keçidin tətbiqi, eləcə də yeni elektron xidmətlərin yaradılması nəzərdə tutulur. Təqdim olunan yanaşmalar vergi ödəyiciləri üçün vergi bəyannamələrinin hazırlanması, ödənişlərin həyata keçirilməsi və əlaqədar sənədlərin təqdim edilməsi proseslərini daha asan və sürətli edir. Bunlar isə ölkədə könüllü əməletmənin səviyyəsinə müsbət təsir edir. Bu gün ölkədə könüllü əməletmə indikatoru ümumi daxilolmalar üzrə 93 faiz, qeyri-neft sektoru üzrə 91 faiz təşkil edir”.

Seçilən
2
vergiler.az

1Mənbələr