AZ

Ölünü diriltmək cəhdi - MÜZAKİRƏ

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Minsk Qrupu ətrafında vəziyyətin dəyişdiyi”ni bildirib. Diplomat xatırladıb ki, MQ-nin qərbli həmsədrləri (ABŞ və Fransa) rusiyalı həmkarı ilə işləməkdən imtina edib. Lakin səfirin sözlərinə görə, “format indi müzakirə oluna bilər, baxmayaraq ki, bir həmsədr rusofob mövqe tutur, ikincisi isə Rusiyaya qarşı siyasətini yenidən nəzərdən keçirir”. Rus səfirin sülh danaşıqlarına müdaxilə cəhdlərinə Ermənistandakı Abş səfiri də qoşulub. O, Qarabağdan könüllü olaraq çıxıb gedən ermənilərin geri qayıdışını «mümkün» sayıb. Sülh prosesində əhəmiyyətli irəliləyişlər əldə olunan bir vaxtda Rusiyanın, ABŞ-nin bu təxribat mahiyyəti daşıyan bəyanatlarının arxasında hansı niyyət dayanır?

“Rusiyanın Minsk Qrupunu diriltməsi məsələsinin ortalığa atılması dezinformasiyadır və Azərbaycana təzyiq xarakteri daşıyır”.

Bunu hafta.az-a politoloq Natiq Miri Rusiyanın Minsk Qrupunu diriltmə cəhdləri ilə bağlı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin fikirlərinə diqqət çəkərkən bildirib. Ekspert onun yayılma ərəfəsinə diqqət çəkib. N.Miri bildirib ki, Rusiya bu gün dünənə kimi düşmən elan etdiyi ABŞ-la münasiblətəri tənzimləmək üçün danışıqlar aparır. Onun sözlərinə görə, əgər ABŞ-la Rusiya münasibətləri tənzimləsə və Rusiyanın təsir dairəsi hesab etdiyi regionlarda hegemonluğunu tanıyarsa, düşünür ki, guya Minsk Qrupunu yenidən dirçəldə bilərlər:

“Amma bu qrupun dirçəlməsi üçün nə hüquqi, nə də siyasi zəmin yoxdur. Çünki Minsk Qrupunun bilavasitə məşğul olduğu sahə bağlanıb. Bu Qarabağın işğalı ilə bağlı fəaliyyət idi və vaxtilə BMT ATƏT-ə belə bir mandat vermişdi. Bu gün Qarabağ münaqişəsi deyilən problem mövcud deyil və münaqişə tərəflərinin biri razı olmadığı təqdirdə Minsk Qrupu fəaliyyət göstərə bilməz”.

N.Miri hesab edir ki, bu cür çıxışlar dolaysı ilə Ermənistana “gəl-gəl” mesajıdır:

“Son günlər Ermənistanda Rusiyaya yönəlik dönüşün olduğu müşahidə olunur. Çünki Avropa Birliyinə üzvlüklə bağlı parlamentdəki sənəd birinci oxunuşda qəbul olunsa da, ikinci oxunuşda dayandırıldı. Bu, texniki səbəblə əlaqələndirilsə də, reallığı əks etdirmir. Nikol Paşinyan bununla dolayısı ilə deyir ki, parlamentdə hər hansı bir sənədin müzakirə olunması Ermənistanın Avropa Birliyinə daxil olması demək deyil. Belə olan vəziyyətdə biz Rusiyanın Ermənistanda aktivləşdiyini hiss edirik. Ona görə də bu dezinformasiya həm də Ermənistana gəl-gəl mesajı ola bilər”.

“ABŞ-ın Ermənistandakı səfirinin ermənilərin Qarabağa geri qaytarılması ilə bağlı fikirləri ilk növbədə Ermənistanın özünün dövlət siyasətinə ziddir”.

Bunu hafta.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib. Ekspert qeyd edib ki, Paşinyan özü də ermənilərin geri qayıtmasının müzakirə predmeti olmadığını, bir qisminin ölkəni tərk etdiyini, bir qisminin isə Ermənistan vətəndaşlığını qəbul etdiyini deyib.

“Bundan əlavə Paşinyan bilir ki, bu proses təktərəfli deyil. Əgər proses başlayarsa qərbi azərbaycanlılar da indiki Ermənistan ərazisinə köçürülməlidir. Bir sözlə, ABŞ səfirinin bu açıqlaması Ermənistan-Azərbaycan arasındakı sülh prosesini sabotaj edir. Artıq Rusiya səfiri də Ermənistanda eyni mövqedən çıxış edir. Hətta Rusiya tərəfi Minsk Qrupunun növbəti dəfə gündəmə gəlməsini vurğulayıb.  Bütün bunlar təsadüfi deyil. Rusiya hesab edir ki, Trampla razılaşarsa regionda möhkəmlənib, Qarabağ məsələsini gündəmə gətirə bilər. Ortada avantüra var”.

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin son açıqlamasında Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəyinə inandıqlarını deyib. Səfir bunun mümkün olması üçün bütün tərəflərin birgə səylər göstərməli olduğunu deyib.

Siyasi icmalçı Abutalıb Səmədov qeyd edib ki, ABŞ-ın Ermənistandakı səfiri təkcə özünün yox, həm də müttəfiqlərinin mövqeyini səsləndirib.

Fransa və ABŞ-ın aktiv şəkildə ermənilərin Qarabağa qaytarılması istiqamətində çalışdığını deyən ekspert, burada ciddi təhlükəli məqamların olduğunu önə çəkib:

“ABŞ-ın Ermənistandakı səfirinin çıxışı ermənilərin kollektiv şəkildə Qarabağa qaytarmaq istəkləri ilə bağlıdır. Bunun qarşılığında qərbi azərbaycanlıların Ermənistanda olan dədə-baba torpaqlarına qayıtması məsələsi qaldırılmır”.

A.Səmədov Azərbaycanın bu məsələdə qarşılıqlı prinsipin gözlənilməsi mövqeyindən çıxış etdiyini xatırladıb:

“Yəni ermənilər Qarabağa qayıdırlarsa, azərbaycanlılar da Ermənistan ərazisindəki yurdlarına qayıtmalıdırlar. Digər bir tərəfdən Azərbaycan “kollektiv qayıdışı” qəbul etmir. Hər bir erməninin ərizəsinə ayrıca baxılıb araşdırandan sonra onların qayıdıb-qayıtmaması məsələsinə qərar verməlidir. Araşdırmalar zamanı Qarabağa qayıtmaq istəyənlərin Azərbaycan əleyhinə cinayət törətməməsi, ərazi bütövlüyünə qarşı çıxış edib-etməmələri məsələsinə baxılacaq. Eyni zamanda qərbi azərbaycanlıların da öz dədə-baba torpaqlarına qayıtması məsələsinə baxılmalıdır. Amma görünən budur ki, Qərbin bu məsələdə mövqeyi təhlükəlidir”.

 

Seçilən
3
hafta.az

1Mənbələr