AZ

Yəhudi lobbisindən Trampa müraciət - “907”-ni ləğv et!”

Yazını böyüt
Yazını kiçilt

ABŞ yəhudi icmasının 50-dən çox ravvini İbrahim razılaşmalarının genişləndirilməsi ilə bağlı Prezident Donald Trampa müraciət edib. Ravvinlər türk dövlətlərindən Azərbaycan, Qazaxıstan və Özbəkistanın bu razılaşmaya daxil edilməsini istəyirlər.

Xatırladaq ki, İbrahim razılaşmaları İsrail və ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur. Müraciətdə həmçinin Azərbaycana qarşı 907-ci düzəlişin ləğv edilməsinin zəruriliyi ilə qeyd olunub.

1992-ci ildə Birləşmiş Ştatlar keçmiş Sovet respublikalarına iqtisadi dəstək vermək üçün qəbul edilən Azadlığa Dəstək Aktının 907-ci maddəsini qəbul edib. Dəyişiklik Azərbaycan hökumətinə yardım göstərilməsinə imkan vermir. 2001-ci ildə, 11 sentyabrdan sonra Buş administrasiyası Əfqanıstanda hərbi əməliyyatlar aparmaq üçün Azərbaycanla əməkdaşlığa ehtiyac duyduğundan, bu düzəlişdən müvəqqəti imtina etmişdi. Bununla belə, 2023-cü ildən ABŞ bu qadağanı bərpa edib.

Qeyd edək ki, son aylarda İsraillə Azərbaycan arasında siyasi-iqtisadi təmasların tempi artıb. Hətta Azərbaycan İsrailin dəniz sularında enerji layihələrindən pay almaq niyyətini də ortaya qoyub. Təbii ki, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olması ABŞ-də Azərbaycan qarşı fəaliyyət göstərən qrupların neytrallaşdırılmasında da mühüm rola malikdir. Xüsusilə Donald Tramp administrasiyası dövründə. Təl-Əvivin Azərbaycan planları bununla da yekunlaşmır.

“İsrail, ABŞ və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik yaratmaq üçün danışıqlar aparılır”. Bu barədə İsrail parlamentində baş nazir Benyamin Netanyahunun kabinet üzvü və milli missiyalar naziri Orit Ştrak məlumat verib. “Yerusalim Post” yazır ki, Knessetdə “İsrail və Azərbaycan arasında strateji müttəfiqliyin möhkəmləndirilməsi” mövzusunda müzakirələr zamanı deputat Simon Moşiaşvili hökumətin Bakı ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün hansı addımlar atdığını soruşub. Parlament müzakirələrinin təşəbbüskarı olan Moşiaşvili Azərbaycanla strateji müttəfiqliyin müasirləşdirilməsi və bu ölkənin “İbrahim sazişləri” çərçivəsinə daxil edilməsinin mümkünlüyü məsələsini qaldırıb. Deputatın sözlərinə görə, Azərbaycan uzun müddətdir ki, İsrailin regional təhlükəsizlik arxitekturasının mühüm elementi olmasına baxmayaraq, Amerika sanksiyalarından əziyyət çəkməkdə davam edir.

İsrailli deputat Azərbaycanda yəhudi icmasının unikal statusunu da vurğulayaraq, onu “nümunəvi, fəal, firavan və xüsusilə birləşmiş” və dünyada yeganə müsəlman ölkəsində tam dövlət dəstəyi ilə mövcud olan icma adlandırıb. “Azərbaycan yeganə müsəlman ölkəsidir ki, İsraillə əlaqələr təkcə hakim elita ilə məhdudlaşmır, həm də geniş əhali arasında dərin dəstək qazanıb”, - o vurğulayıb. Deputat qeyd edib ki, 7 oktyabr hadisələrindən sonra da Azərbaycan müsəlmanları İsrailin Bakıdakı səfirliyinə gül dəstələri gətirərək, xatirə şamları yandıraraq, öz dəstəklərini bildiriblər.

Baş nazir Benyamin Netanyahunun adından deputatın çıxışını cavablandıran nazir Orit Ştrak isə deyib: “Azərbaycan İsrailin Qafqazda mühüm strateji müttəfiqidir və bizim əlaqələrimiz təhlükəsizlik, ticarət, enerji və texnologiya sahələrində əməkdaşlığı əhatə edir”. O, “İsrail və Azərbaycan arasındakı münasibətlərin qarşılıqlı maraqlara və çoxillik dostluğa əsaslanan unikal tərəfdaşlıq üzərində qurulduğunu” bildirib. Onun sözlərinə görə, İsrail Azərbaycan və ABŞ-la əməkdaşlığı gücləndirməkdə davam edəcək və onu pozmağa yönəlmiş istənilən cəhdə qəti şəkildə qarşı çıxacaq. Nazir onu da qeyd edib ki, ölkələr arasında dialoq qarşılıqlı səfərlərdə, o cümlədən İsrail Prezidentinin Azərbaycana səfəri və Azərbaycanın milli təhlükəsizlik müşavirinin İsrailə səfərində özünü göstərir. “Bu münasibətlər İsrailin regionda müttəfiqlikləri gücləndirməyə və digər müsəlman ölkələri ilə körpülər qurmağa yönəlmiş daha geniş regional siyasətinə uyğundur”, - Ştruk əlavə edib.

Öz növbəsində İsrailin Baş Nazirlik Ofisi bəyan edib ki, ölkəsi İsrail, Azərbaycan və ABŞ arasında güclü üçtərəfli tərəfdaşlıq qurmaq üçün davamlı danışıqlar aparır. Bu danışıqlar həm də Azərbaycana qarşı tətbiq edilən ədalətsiz sanksiyaların ləğvinə aiddir.

“Bu gün ermənilər Qarabağda yaşayarkən Azərbaycana qarşı törətdikləri cinayətləri, terror aktlarını, torpaqlarımızı işğal etdiklərini məhkəmə önündə etiraf ediblər. Belə olduğu halda orada 907-ci düzəlişin predmeti yoxdur”.

Bunu hafta.az-a deputat Hikmət Babaoğlu ravvinlərin  907-ci düzəlişin ləğvi ilə bağlı Trampa müraciəti ilə bağlı açıqlamasında bildirib.

Deputat hesab edir ki, bu gün o düzəlişin qalması məntiqi, hüquqi baxımdan doğru deyil.

“Ona görə də yəhudi lobbisi və ravvinlərin bu müraciəti Azərbaycana qarşı ədalətin təmin olunmasına yönəlib. Ümid edirəm ki, bu qısa müddətdə öz nəticəsini verəcək. Beləliklə, Amerika, İsrail və Azərbaycan üçbucağında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq”.

H.Babaoğu İsrail-Azərbaycan əməkdaşlığının dərin tarixi köklərə malik olduğunu qeyd edib. O, hazırki tarixi mərhələdə İsrail-Azərbaycan əməkdaşlığının Yaxın Şərqdə sülhə xidmət etdiyini deyib.

“Bu çox mühüm faktordur. İsrailin ən yaxın müttəfiqlərindən biri ABŞ-dır və Azərbaycan bu ölkə ilə strateji tərəfdaşlıq etməkdə maraqlıdır və bunun üçün hər cür şərtlər var. Xüsusən, Tramp Admnistrasiyası indiki mərhələdə belə bir tarixi addım atmaqla ikitərəfli  münasibətləri yeni səviyyəyə qaldıra bilər və şübhəsiz ki, burada yeni bir tərəfdaşlıq platforması yarana bilər. Ona görə də İsrail lobbisinin - ravvinlərin 907-ci düzəlişin ləğvi ilə bağlı Trampa etdiyi müraciət cavabsız qalmamaldır”.

H.Babaoğlu nəticə etibarilə söhbətin hər üç ölkənin ortaq birgə maraqlarından getdiyini önə çəkib. Onun sözlərinə görə, məsələnin mahiyyəti və realizə olunmasının bir zərurəti də odur ki, ortada Azərbaycana qarşı 907-ci düzəlişin səbəbi artıq yoxdur.

“Azərbaycana qarşı 907-ci düzəliş ona görə qəbul edilmişdi ki, ABŞ-dan ayrılan yardımlar qadağan olunsun və ABŞ-Azərbaycan münasibətləri müəyyən mənada məhdudlaşdırılsın. Burada isə bu qadağanı göstərən səbəb kimi Qarağda yaşayan ermənilərin hüquq və azadlıqlarının guya Azərbaycan tərəfindən məhdudlaşdırılması göstərilir. Bu gün Qarabağda erməni yaşamır, onlar könüllü şəkildə ərazimizi tərk ediblər”.

Siyasi icmalçı Vüqar Dadaşov İsrail-Azərbaycan münasibətlərinin yeni geosiyasi kontekstdə Avropa və Qərbin maraqları fonunda daha qabarıq önə çıxdığını bildirib:

“İsrailli nazirin açıqlaması əslində İsraillə Azərbaycan arasında onsuzda mövcud olan faktiki müttəfiqlik münasibətlərin rəsmiləşdirilməsidir. Ancaq, ABŞ-ın iştirakı artıq bu müttəfiqlik klubunun daha geniş dairəni əhatə edəcəyini göstərir.

“Azərbaycan və İsrail arasında enerji sahəsində yeni əməkdaşlıq perspektivləri təkcə ikitərəfli münasibətlərə deyil, həm də regional dinamikaya mühüm təsir göstərə bilər. Azərbaycanın zəngin enerji ehtiyatları və İsrailin yüksək texnologiyalara əsaslanan iqtisadiyyatı bu əməkdaşlığı daha da strateji səviyyəyə qaldırır. Xüsusilə, enerji sahəsində İsrailin yüksək texnologiyalar və alternativ enerji sahəsindəki təcrübəsi Azərbaycanın enerji şaxələndirilməsi siyasəti üçün yeni imkanlar aça bilər”.

Bunu hafta.az-a açıqlamasında siyasi şərhçi Azər Hüseynov bildirib. Onun sözlərinə görə, 907-ci düzəlişin ləğvi ilə bağlı Trampa müraciət Azərbaycanın bu ölkə üçün əhəmiyyətini göstərir.

“Bu, Azərbaycanın beynəlxalq arenada tərəfdaşları ilə balanslı siyasət yürütməsinin və regional diplomatiyada aktiv rol oynamasının nəticəsidir. Eyni zamanda, bu cür addımlar Azərbaycanın ABŞ ilə münasibətlərində yeni mərhələyə keçid imkanlarını da nəzərə çarpdırır.  Azərbaycan tarixən multikultural dəyərlərə sadiq qalan bir ölkədir və burada yəhudi icması əsrlər boyu dinc və rahat şəkildə yaşayır. Müxtəlif dini və etnik qrupların bir arada yaşadığı cəmiyyət, Azərbaycanın beynəlxalq imicinin və regional əməkdaşlıq potensialının mühüm komponentlərindən biridir. Azərbaycanın yəhudi icmasına verdiyi dəyər İsraillə münasibətlərin inkişafına da öz töhfəsini verib və bu, qarşılıqlı əlaqələrin mühüm dayağı kimi çıxış edir”.

 

Seçilən
11
1
hafta.az

2Mənbələr