AZ

"Putin bu halda  atəşkəsə razı ola bilər"

Şərqi Avropa cəbhəsində vəziyyət həlledici mərhələyə qədəm qoyub. Kremlin son mesajları Ukraynanın Kursk bölgəsində məğlub edilməsinə yönəlib, bu isə müharibənin daha da genişlənəcəyi ehtimalını artırır. Digər tərəfdən, ABŞ-ın təşəbbüsü ilə irəli sürülən 30 günlük atəşkəs təklifi Ukrayna tərəfindən qəbul edilib. Bununla paralel olaraq, Ukraynanın mineral ehtiyatlarının işlənməsi ilə bağlı ikitərəfli sazişin yaxın vaxtlarda imzalanacağı bildirilir. Bu isə müharibənin iqtisadi və geosiyasi aspektlərinin daha da dərinləşdiyini göstərir. Bütün bunlar fonunda sual yaranır: Rusiya ABŞ-ın atəşkəs addımını rədd edərək müharibəni davam etdirmək qərarına gəlib? Cəbhədə bundan sonra nə baş verəcək? 
Moderator.az-a danışan politoloq Sultan Zahidov deyib ki, könül istərdi ki, deyim, cəbhədə silahlar susacaq, amma əfsuslar olsun ki, bunun baş verdiyinin hər hansı bir işartısı yoxdur:
“Putin hərbi formada Kursdakı hərbi komandanlığa gəldi və orada təlimatlarını verdi və əsas təlimatlardan biri odur ki, Kursdan bütün Ukrayna qoşunları çıxarılmalıdır. Bu da müəyyən vaxt tələb eləyəcəyinə görə, yaxın günlərdə atəşkəs olacağını demək çətindir. Amma digər tərəfdən Putinin planı həm də o ola bilər ki, qısa zamanda Kursdan Ukrayna döyüşçülərini çıxartsın, ondan sonra bu və ya digər formada atəşkəsə öz şərtlərini irəli sürərək razılıq versin. Qeyri-rəsmi məlumatlara görə, Rusiya tərəfi Ukraynanın NATO-ya  üzv olmaması, hərbisizləşdirilməsi və Ukrayna ərazisində hər hansı bir NATO kontingentinin olmamasını tələb edir. Bu da Ukraynanın maraqlarına ziddir. Çünki Ukrayna  tərəfi  atəşkəs olsa belə, zəmanət üçün Avropa qüvvələrinin bölgəyə yerləşdirilməsini və təhlükəsizlik zəmanətləri tələb edir. Yəni mövqe tərəflərindən bu atəşkəsin imzalanması perspektivi çətin görsənir və hətta imzalansa belə riayət olunması, daha sonra 30 gündən sonra yenidən artırılması imkanları kifayət qədər çətin görsənir. Reallıq ondan ibarətdir ki, ABŞ Ukraynaya hərbi dəstəyi bərpa etdi  və kəşfiyyat mübadiləsi davam edir. Rusiyanın da görünən odur ki, hələ cəbhədə müəyyən strateji hədəfləri qalmaqdadır. Ona görə də indiki halda hansısa bir sülh sazişinin imzalanmasından danışmaq hələ kifayət qədər tezdir”.
Politoloq əlavə edib ki, atəşkəs müvəqqəti olaraq yenə də imzalana bilər, amma tam şəkildə riayət ediləcəyi də şübhə doğuran məqamdır:
“ABŞ sadəcə qısa zamanda atəşkəs imzalayıb Ukrayna ilə minerallar sazişini bağlamaq istəyir ki, daha sonradan öz diqqətini və fokusunu Çinə yönəltsin. Həm  Ukraynanın, həm Rusiyanın, həm də Avropanın  fəqli düşüncəyə sahib olması bu prosesesi  kifayət qədər müşkül məsələyə çevirir. Amma bir ehtimal da var ki, Rusiya, ABŞ və Avropanı bir birindən ayırmaq, yəni Translantik əlaqələri daha da zədələmək üçün bu atəşkəsə Krımdakı əməliyyat bitdikdən sonra razılaşa bilər. Burada əsas məqsəd odur ki, translantik əlaqələr zəifləsin  və ABŞ - Rusiya arasındakı normallaşma prosesi davam etsin. Amma sözsüz ki,bu atəşkəs  yenidən pozula bilər. Rusiya hansısa bir bəhanə gətirərək hərbi əməliyyatları başlaya bilər ki, bu da bu atəşkəsin imzalanacağı təqdirdə belə  dayanıqlı etməyəcəkdir”.
 
Mehin Mehmanqızı
 
Seçilən
5
moderator.az

1Mənbələr