AZ

Elman Nəsirov: “Ukrayna bu əraziləri də itirə bilər”

Ukraynada müharibənin dayandırılması istiqamətində səylərin artdığı bir məqamda Rusiya ordusu Kursk istiqamətində hücuma keçərək, Kiyevin keçən ilin avqustunda vilayət ərazisində öz nəzarətinə götürdüyü bir sıra əraziləri geri qaytarmağa nail olub. Hətta Kiyevin nəzarətində olan ərazidəki ən böyük şəhər olan Sujda da artıq rus qoşunlarının nəzarətindədir.

Qeyd edək ki, Ukrayna Kursk məsələsindən danışıqlarda “kozır” kimi istifadə etməyi düşünürdü. Yəni rəsmi Kiyev Rusiyanın əlində olan hansısa bir Ukrayna ərazisinin qaytarılması müqabilində Kursk vilayətində tutduğu əraziləri qaytara biləcəyi qənaətində idilər. Amma görünən odur ki, Ukrayna Kurskdakı mövqelərini artıq itirir. Bu azmış kimi, Rusiya qoşunları artıq Xarkov vilayətinə də daxil olublar.

Deməli, Ukrayna danışıqlar ərəfəsi daha bir neçə ərazini itirə bilər...

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, mövcud vəziyyətdə Kiyevin Xarkov və Dnepropetrovsk istiqamətində də müəyyən əraziləri itirə biləcəyi təhlükəsi yaranıb:

“Məlum olduğu kimi, Səudiyyə Ərəbistanın Ciddə şəhərində ABŞ-la Ukrayna nümayəndə heyətlərinin görüşü olub. Həmin görüşün nəticələrilə bağlı hər iki tərəf müsbət fikirlər səsləndirir. Onlar 30 gün ərzində atəşkəsin elan edilməsi barədə razılaşma əldə ediblər. Bu məsələ ilə bağlı Rusiya prezidentinin mətbuat katibi Peskov verdiyi açıqlamada qeyd edib ki, hələlik razılaşmanın detallarını araşdırırlar. Ardınca qeyd edib ki, məsələnin həlli üçün təkcə ABŞ Ukrayna danışıqları azdır, Amerika ilə Rusiya arasında da danışıqlar olmalıdır. Nəticə etibarı ilə Vaşinqtonla Kiyevin əldə etdiyi razılaşmaya Moskvanın da razı olub-olmayacağı əsas sualdır. Bu sualların cavabını Vaşinqton Moskva danışıqları verəcək”.

Həmsöhbətimiz qeyd edir ki, Ukrayna son günlər özü üçün mühüm əhəmiyyət kəsb edən imkanları itirməkdədir:

“Hansı ki, Kiyev həmin imkandan Rusiya ilə perspektivdəki danışıqlarda bəhrələnmək istəyir. Bu da Kursk ərazisilə bağlıdır. Kiyev gələcək danışıqlarda nəzarətində olan Kursku geri qaytarmağın əvəzində Ukraynanın tutulmuş bir sıra ərazilərini geri almağı düşünürdü. Amma indi məlum olur ki, Rusiya ordusu Kursk vilayətini demək olar azad edib. Belə olan vəziyyətdə Kurskla bağlı Ukraynanın üstünlüyü əlindən alınır. Eyni zamanda, Rusiyanın habelə Xarkov istiqamətində hücumları intensivləşib və Dnepropetrovska çıxış əldə ediblər”.

Bu isə ekspertin fikrincə, Ukraynanın danışıqlardakı mövqeyini kifayət qədər zəiflədən məqamdır:

“İndi əsas diqqət ABŞ-Rusiya danışıqlarına yönəlib. İstisna deyil ki, bu günlərdə hər iki dövlətin prezidenti arasında yenidən telefon danışığı olsun. Onun ardınca da üzbəüz görüşlər nəzərdə tutulur. Yəqin bu danışıqların nəticəsi olaraq artıq konkret qərarlar da qəbul ediləcək”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
3
bizim.media

1Mənbələr