AZ

Qərbi azərbaycanlı: Bizi öldürməklə hədələyirdilər

Xaçmaz, 13 mart, Elxan Yusifli, AZƏRTAC

Çox çətin idi. Ümidsiz yaşayırdıq. Bir ağac əkirdik, amma onun barını yeyə biləcəyimiz məlum deyildi. Ev tikirdik. Amma bilmirdik sağlıqla yaşaya biləcəyikmi? Belə dözülməz vəziyyətdə yaşaya bilmədik. Üç övladımı götürüb, ev-eşiyimizi atıb bura gəldik. Qərbi Azərbaycandakı gözəl yurdumuz Vedi rayonunun Qaralar kəndindən Xaçmaza köçdüm. Məndən əvvəl dayımgilin ailəsi də bura gəlmişdi.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində 59 il əvvəl Qərbi Azərbaycandan Xaçmaz rayonunun Müşkür kəndinə məcburi köç edən İsmayıl Məhərrəmov söyləyib.

İndi 86 yaşı olan İ.Məhərrəmov həmin keşməkeşli illəri ürək ağrısı ilə xatırlayır. 27 yaşlı gənc İsmayıl 1966-cı ildə təzyiqlərə dözməyərək ailəsi ilə birlikdə Azərbaycana köçüb. Ev-eşiyi və bütün əmlakı sonradan ermənilər tərəfindən zəbt olunub. Dediyinə görə o vaxtı azərbaycanlılara evini satmağa imkan vermirdilər. Ermənilər bilirdi ki, çarəsiz qalan yerli sakinlər əvvəl-axır ev-eşiyini boşadıb doğma yurdlarından köçmək məcburiyyətində qalacaq.

“Mən 1939-cu ildə Qərbi Azərbaycanda Vedi rayonunun Qaralar kəndində doğulmuşam. İki yaşım olanda atam İkinci Dünya müharibəsinə gedib və geri qayıtmayıb. Biz orada yaşayan vaxt Suriyadan, İrandan, Türkiyədən çox sayda ermənilər gəlib bizim kəndlərdə məskunlaşdı. Sonradan gətirilən erməniləri həyətlərimizdəki yardımçı tikililərə, hətta tövlələrə belə yerləşdirirdilər. Həm də onlara xüsusi qulluq edirdilər, şərait yaradırdılar ki, daimi məskunlaşsınlar. Bizim kənddə su yox idi. Ermənilər üçün xüsusi yük avtomobilləri ilə su gətirirdilər. Biz azərbaycanlılara isə daim təzyiq göstərilirdi. Sizə 1962-1963-cü illərin söhbətini edirəm. Kənddə azərbaycanlılar yaşayan evlərin qapılarına kağızlar yapışdırmışdılar. Kağızlarda yazılmışdı ki, təcili Ermənistanı tərk edin. Əks halda bizi kütləvi öldürməklə hədələyirdilər. Vəziyyət o həddə çatmışdı ki, azərbaycanlı ailələr yığışıb Araz çayının sahilinə, sərhəddə getdik ki, oradan da Türkiyəyə keçmək istədik. Amma rus sərhədçilər bizi buraxmadı. Sonra Naxçıvandan nümayəndə gəldi. Vəziyyəti düzəltmək üçün bizimlə kənddə iclas elədilər. Təsəvvür edin, görüşdən çıxanda gördük ki, bizə təhdid yazılan həmin kağızları elə iclas zalının qapısına da yapışdırıblar. Çox böyük təzyiq göstərirdilər ki, biz doğma yurdumuzu tərk edək”, - deyə İ.Məhərrəmov söyləyib.

İsmayıl Məhərrəmov deyir ki, onlara qonşu olan kəndlərin hamısında azərbaycanlılar yaşayıb. Şirazlı, Kiçik Vedi, Taytan, Xalisa, Şidliyə ermənilər sonradan köçürülüb. Ermənilər kəndlərimizin adlarını da dəyişib, özününkiləşdirib: “Bizim Qaralar kəndinin adını da dəyişib Aralec qoydular. Mən 60 ilə yaxındır Xaçmazda yaşayıram. Hələ də yuxuda doğulduğum yurdu – Vedinin Qaralar kəndini görürəm. Biz gələndən bir müddət sonra bütün soydaşlarımız doğma yurdlarını qoyub qaçmalı oldu. Ev-eşikləri bir yana, Azərbaycana gələndə qohum-qardaşımızı ermənilər yolda taladılar. Üstlərini yoxlayıb bütün zinət əşyalarını, olan-qalan pullarını da əllərindən aldılar. Bizə orada yaşamağa imkan yox idi. Ali təhsilli azərbaycanlılara iş vermirdilər. Amma texnikum bitirən erməni mütləq işlə təmin olunurdu. Bizimkilər heç vaxt vəzifəyə təyin olunmazdı. Onlar kilsələrində pul toplayırdılar. Deyirdilər, Azərbaycandan torpaqları silah gücünə alacağıq. Həmişə nənəm danışardı. O vaxt Çimənkənd yaxınlığında bir kənddə ermənilər azərbaycanlıları aldadıb məscidə çağırıblar. Sonra da hamısını diri-diri yandırıblar. Bizim dövrümüzə kimi həmin məscidin yanmış divarları qalmışdı”.

Onilliklərdir doğma yurdundan uzaq düşən İ.Məhərrəmov yaxın gələcəkdə Qərbi azərbaycanlıların da dədə-baba torpaqlarına qayıdacağına əmindir: “Müzəffər Ali Baş komandanımızın rəhbərliyi ilə Qarabağda qazanılan Şanlı Qələbə bizi Qərbi Azərbaycan torpaqlarına bir addım da yaxınlaşdırıb. Mən inanıram ki, addım-addım bu hədəfə çatacağıq. Mənim 86 yaşım var. Ola bilsin mən qayıda bilmədim. Amma əminəm ki, bütün Zəngəzur mahalında yenidən azərbaycanlılar yaşayacaq. Oralar bizim yurdumuzdur. Hamısı Azərbaycan kəndləridir. Mən əminəm ki, bir vaxtlar orada yaşayan azərbacanlılar doğma kəndlərinə qayıdacaqlar”.

 

 

Seçilən
18
1
azertag.az

2Mənbələr