AZ

"Ailədə xoşbəxtlik tez-tez dadılmalıdır" - QURUM RƏSMİSİ AÇIQLADI

"Sağlam düşüncəli və təfəkkürlü, nümunəvi insanların formalaşmasında onların böyüdüyü sağlam psixoloji mühitin olduqca vacib rolu vardır". Bu sözləri SİA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva deyib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, insan fərd kimi ailədə gözünü açır və şəxsiyyət kimi ilk olaraq məhz bu mühitdə formalaşmağa başlayır, o zaman ilk öncə ailələrdə müsbət psixoloji iqlimin olmasına önəm vermək lazımdır: "Ailədə belə mühitin formalaşması ilk olaraq ailə böyüklərindən, valideynlərdən asılıdır. Bu şəxslər emosional və sosial inkişafı dəstəkləyən, ailəni mənfi təsirlərdən qoruyan, ailə üzvləri ilə bir-birlərinə sevgi, qayğı və hörmət çərçivəsində yanaşan və rəftar edən, psixi rifahı dəstəkləyən şəxslər olarlarsa müsbət iqlimi yaratmaq da mümkün olacaqdır. Belə mühit xüsusilə yetkinlik yaşına çatmamış şəxslər üçün olduqca vacibdir. Uşağın şəxsiyyətinin formalaşmasında emosional ehtiyaclarının düzgün qarşılanması, maddi dəstəkdən daha vacibdir. Ailədə düzgün psixoloji mühit yaratmaq üçün nikaha daxil olan şəxslər öncədən ailə münasibətləri və məsuliyyəti, ailədəki rollar, uşaqların qayğısına qalmaq kimi məsələlər barədə məlumatlı olsalar bu məqam müsbət inkişafa töhfə verəcəkdir. Həssaslıq, ünsiyyət, dəstək, hörmət və qayğı, diqqət müsbət və sağlam psixoloji mühitin təməlidir.

Ailə qurmaq 2 insanın seçimidir. Ailədə xoşbəxtliyi yaratmaq, onu qoruyub saxlamaq da ən başda məhz bu 2 insandan asılıdır. Xoşbəxtlik nisbi anlayışdır və daimi olmaya bilər. Əsas olan isə anlarda yaşanan xoşbəxtliyi dərk etmək, dada bilməkdir. İnsan xoşbəxtliyi özümü yaradır, yoxsa mütləq ki onun xoşbəxtliyi başqalarından asılıdır? Bu sual da olduqca geniş müzakirə olunur. Bəzən xoşbəxtlik sevdiyin yeməyi yeməkdir, bəzən sevdiyin filmə baxmaq, bəzən isə sağlam olmaqdır. Kimin üçünsə xoşbəxtlik övladlarının yaxşı təhsil almasıdır, kimin üçünsə çoxlu səyahət etmək. Xoşbəxtliyin düsturu yoxdur. Onu yaratmağı və yarananda dadmağı bacarmaq isə bir qabiliyyətdir. Çünki çox insan əlində olan xoşbəxtliyin dəyərini bilmir. Belə olan halda isə ətrafa yalnız neqativ hisslər ötürür. Xoşbəxt insan həm də pozitiv insandır. Pozitiv insan isə ailəsində, ətrafında olan hər kəsə bu pozitivliyi ötürməlidir. Sözsüzki daimi xoşbəxtlik anlayışı yoxdur. Çünki həyatın reallıqlarında problemlər də, çətinliklər də yaranacaqdır. Əzmli və güclü olaraq bu çətinliklərin öhdəsindən gəlmək özü də həmin insana xoşbəxtlik hissi yaşadır. Ailə elə bir məfhumdur ki, orada xoşbəxtlik tez-tez dadılmalıdır. Bu hissdən bütün ailə üzvləri öz nəsibini alaraq, bu hissi zəncirvari şəkildə cəmiyyətdə də bölüşməyi bacarmalıdırlar. Xoşbəxt şəxs həm də faydalı şəxsdir.

Ailədə “mən” və “biz” anlayışını düzgün ayırd edə bilmək üçün, insanı fərdi və qrup şəklində təmin edən ehtiyacları aydınlaşdırmaq lazımdır. Ailə əlbət ki, “biz” deyə davam edən ideyanı formalaşdırır. Amma məqamlar olur ki, ailə üzvləri özləri fərd olaraq da ehtiyaclarını ödəməlidirlər. Buraya dostlar və tanışlarla görüşmək, özünə və maraqlarına zaman ayıra bilmək, psixoloji ehtiyac yarandıqda tək qalmağı bacarmaq daxildir. Digər bir çox məqamda isə “biz” anlayışı ailədə üstünlük təşkil etməlidir. Bütün hallarda fərdiliyin qorunduğu ailə uğurlu ailə olmaya bilər. “Biz” anlayışı ən çox uşaqların tərbiyəsində, onlara diqqət və qayğının göstərilməsində, adət və ənənələrin davam etdirilməsində, asudə vaxtın səmərəli təşkilində, qərarların verilməsində, ailə büdcəsinin idarə olunmasında vacib şəkildə mövcud olmalıdır".

Müəllif: Söylü Ağazadə
Seçilən
17
sia.az

1Mənbələr