AZ

Azərbaycan qlobal problemlərin müzakirə platformasına çevrilir - Mübariz Göyüşlü

Bakı, TurkicWorld

Azərbaycan, xüsusilə də Bakı şəhəri, qlobal problemlərin müzakirə edildiyi beynəlxalq platformaya çevrilib.

Bu sözləri TurkicWorld-ə olan açıqlamasında, Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

O bildirib ki, son zamanlar ölkəmizdə tez-tez dünyanı narahat edən bəşəri məsələlərə və regional problemlərə həsr olunmuş toplantılar və forumlar keçirilir, həmçinin Qlobal Bakı Forumu da bu cür platformalardan biridir.

Onun sözlərinə görə, forumda müzakirəyə çıxarılan mövzular, onların əhatə dairəsi, iştirak edən şəxslərin beynəlxalq səviyyədə nüfuzu və çəkisi göstərir ki, Azərbaycan qlobal məsələlərin həllində aparıcı rol oynayır. "Təkcə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında deyil, dünya miqyaslı problemlərin həllində də Azərbaycan öz imzasını atmaqdadır və bu prosesi davam etdirir" – deyə o vurğulayıb.

Mübariz Göyüşlü əlavə edib ki, Azərbaycanın bu mövqeyi miqyasca kiçik və ya böyük olmasından deyil, ədalətli siyasəti və xoşniyyətli davranışı ilə bağlıdır. "Azərbaycan dünya siyasətinə öz yanaşmasını və ədalət prinsipini gətirir, beynəlxalq problemlərin həllində aktiv iştirak edir. Bu baxımdan, Bakı Qlobal Forumu olduqca əhəmiyyətli bir platformadır" – deyə o bildirib.

Ermənistanla sülh sazişi məsələsinə toxunan Mübariz Göyüşlü bildirib ki, bu məsələnin belə qlobal bir forumda müzakirə olunması ölkəmiz üçün müsbət haldır. Onun sözlərinə görə, Ermənistan və onun Fransa kimi havadarları Azərbaycanın əleyhinə kampaniya apararaq, guya Azərbaycanın sülh istəmədiyini və Ermənistana qarşı aqressiv davranışlar sərgilədiyini iddia edirlər.

Lakin Mübariz Göyüşlü vurğulayıb ki, Qlobal Bakı Forumu çərçivəsində Azərbaycan açıq şəkildə öz mövqeyini ortaya qoydu və sülh istəyini bir daha bəyan etdi. "Əgər Ermənistan həqiqətən sülh sazişi imzalamaq istəyirsə, bunun üçün əməli addımlar atmalıdır. Ancaq indiyə qədər bu istiqamətdə ciddi addımların atılmadığını müşahidə edirik" – deyə o qeyd edib. Şərhçi sonda, yaxın gələcəkdə Ermənistan tərəfindən sülh sazişi üçün real təşəbbüslərin olacağına inanmadığını düşündüyünü də qeyd edib.

Nərmin Ağayeva

Seçilən
9
turkic.world

1Mənbələr