AZ

Öz səsimiz bizə düşmən kəsilir

Mütəxəssislər diqqətə çatdırırlar ki, səsyazısı əsasında potensial qurbanın səsi yamsılanır və mümkün fırıldaqçılıq əməllərində işlədilir. Süni intellektin (Sİ) köməyi ilə yaradılan bu cür "deepfake" səslər, artıq bir neçə ildir ki, kiberfırıldaqçıların "silah"ına çevrilib.

Rusiyanın "F6"kibercinayətkarlıqla mübarizə təşkilatının rəqəmsal risklərdən mühafizə şöbəsinin aparıcı analitiki Yevgeni Yeqorov"İzvestiya"qəzetinə müsahibəsində söyləyir ki, saxta audiomesaj, habelə videomesajların düzəldilməsi üçünxüsusi texniki biliyə ehtiyac yoxdur.Hazırda bu "deepfake"ləri yaratmağa imkan verən xeyli rəqəmsal alət var.

"Fırıldaqçılar yamsılanmış səsyazısını əsasən qurbanın qohumlarına, iş yoldaşlarına və ya qrup çatlarına göndərərək onları inandırır, borc pul istəyirlər",- mütəxəssis deyir.

Əlbəttə, səsin bu, ya digər xüsusiyyətlərini "yamsılamaq"dan ötrü onun müddətinin lazımınca uzunluğu əsas şərtdir. "Solar" kibertəhlükəsizlik texnologiyaları mərkəzinin tədqiqat və inkişaf laboratoriyasının rəhbəri Maksim Buzinovun sözlərinə görə,cəmi üç saniyəlik səsyazısı nitqin monoton tembrini kopiyalamaq üçün kifayətdir.Emosiyaların, xarakterik çalarların yamsılanmasında isə daha uzunmüddətli səsyazısı lazımdır.

("Solar" kibertəhlükəsizlik texnologiyaları mərkəzinin tədqiqat və inkişaf laboratoriyasının rəhbəri Maksim Buzinov)

Kibercinayətkarların "deepfake" səslərlə törətdikləri cinayət əməllərinin sayını müəyyənləşdirmək çətindir. Çünki onlar, adətən, hazır səsyazılarından faydalanırlar. "Angara Security" kibertəhlükəsizlik şirkətinin mütəxəssisi Nikita Novikov təsdiqləyir ki, kibercinayətkarlar belə səsyazılarını şəxsi səsli poçtlardan, rəqəmsal mesajlaşma platformalarından götürürlər.

"Zəngə avtomatik cavab verən, səsyazan telefon cihazları insanın özünəməxsus intonasiyasını, danışıq tərzini təkrarlaya bilir. Kibercinayətkar səsyazısını götürüb süni intellekt sisteminə salır və istənilən mətni həmin səslə "dilə gətirir",- Novikov deyir.

"Security Code" informasiya təhlükəsizliyi şirkətinin hökumətlə Əlaqələr üzrə direktoru Aleksandra Şmiqirilovanın sözlərinə görə, fırıldaqçıların səsyazan telefolara girişi üçün xüsusi haker aləti lazım deyil. Beləliklə, onlarasanlıqla həm telefon nömrəsini, həm də səs nümunəsini ələ keçirirlər.

Yevgeni Yeqorov diqqətə çatdırır ki, Sİ ilə yaradılan saxta səsyazıları gündən-günə daha da keyfiyyətli, təbii və inandırıcı hala gəlməkdədir. Bu baxımdan Sİ-nin inkişafı kibercinayətkarların işini asanlaşdırır.

"Saxta səslər saxta pullara bənzəyir. Hərçənd saxta pulu aşkarlamaqdan ötrü bir çox üsul var, amma saxta səsləri müəyyənləşdirməyin yolları hələlik məhduddur. Üstəlik, yamsılanmış səslər təkrar-təkrar qulaq asdıqca insanın qulağına qeyi-ixtiyari təbii gəlməyə başlayır. Hazırda adi vətəndaşların nə vaxtı, nə də bacarığı var ki, öz müdirlərinin, yaxud qohumlarının səsləri ilə hazırlanan saxta mesajları gerçəyindən seçə bilsinlər. Proqram tərtibatçıları səs saxtakarlığına qarşı mübarizə məqsədilə alətlər hazırlayırlar.Artıq bu sahədə müəyyən irəliləyiş də var, ancaq səslərin saxtasını həqiqisindən yüksək sürətlə, keyfiyyətlə ayırmağa imkan verən ideal vasitə yoxdur",- Buzinov söyləyir.

Mütəxəssislər səsimizin kiberfırıldaqçıların əlinə keçməməsi üçün səsyazan telefon işlətməkdən qaçınmağı, səsyazılarımızı naməlum xidmətlərə ötürməməyi məsləhət görürlər. Bildirirlir ki, tanışların nömrələrindən gələn zəngləri, səsli mesajları elektron nömrə kitabçasında saxlanılan nömrə ilə əlaqə saxlayaraq dəqiqləşdirmək, ümumiyyətlə,aldığımız bütün məlumatları iki dəfə yoxlamaq vacibdir.

"Səs saxtakarlığından özümüzü tamamailə qorumaq hələlik mümkün deyil. Belə bir sistemin yaxın gələcəkdə də yaradılma ehtimalı çox azdır. Bu məsələdə insanların öz ehtiyat tədbirləri, saxta məlumatı tanımaq qabiliyyəti çox mühümdür",- "R-Vision" şirkətinin informasiya təhlükəsizliyi üzrə baş mühəndisi Dmitri Burmaşov vurğulayır.

Firudin Həmidli
AzVision.az
Seçilən
4
azvision.az

1Mənbələr