AZ

ABŞ İrana bağlı cinayətkar şəbəkəyə sanksiya tətbiq etdi

ABŞ İsveçdə fəaliyyət göstərən İrana bağlı cinayətkar "Fokstrot" şəbəkəsi və dəstənin axtarışda olan başçısı Rua Məcidə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Naziriyi məlumat yayıb.

Məlumatda cinayətkar şəbəkə üzvlərinin ötn ilin yanvar ayında İsrailin Stokholmdakı səfirliyinə hücumda əli olduqları bildirilib.

Amerika rəsmiləri İranın Avropadakı İsrail və yəhudi hədəflərinə qarşı terror hücumları da daxil olmaqla, məqsədlərinə çatmaq üçün cinayətkar qruplardan istifadə etdiyini açıqlayıb.

"Fokstrot" şəbəkəsi İsveçdə ən təhlükəli cinayətkar dəstələrdən biridir və ölkədə silahlı münaqişələrə, sifarişli qətllərə və geniş yayılmış zorakılığa səbəb olub. Bu qrup həm də Avropada narkotik və silah ticarəti ilə məşğul olan ən mühüm təşkilatlardan biri kimi tanınır.

Elan edilmiş sanksiyalara əsasən, "Fokstrot" və Rua Məcidin Amerikadakı bütün aktivləri bloklanır və Amerika vətəndaşlarının onlarla hər hansı maliyyə əlaqəsi qadağan edilir. Həmçinin, bu sanksiyalardan yayınmağa hər hansı cəhd mülki və cinayət cəzası ilə nəticələnə bilər.

Bundan əvvəl İsveçdə İsrailin maraqlarına qarşı bir neçə hücumdan sonra Stokholm SEPAH-ın terrorçu təşkilatı elan edilməsini tələb edib.

Son bir ildə Stokholmdakı İsrail səfirliyinə qarşı üç hücum olub, son altı ayda isə İsrailin hərbi texnologiya şirkəti iki hücumun hədəfinə çevrilib.

İsveçin Kəşfiyyat Agentliyi (Sapo) İranı İsrailə və İsveçdəki digər hədəflərə qarşı zorakı cinayətlər törətmək üçün İsveç cinayətkar dəstələrinin üzvlərini işə götürməkdə ittiham edib.

visiontv.az



Seçilən
9
visiontv.az

1Mənbələr