Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin Elmi Şurası ilə birgə yeni təhsil proqramlarının hazırlanması məqsədilə iclas keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, iclasın açılışını Təhsil fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru Nizami Zeynalov edib. Giriş nitqində Nizami Zeynalov müəllim hazırlığının vacibliyini vurğulayıb və ölkədə bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verib. O həmçinin universitetlərdə yeni təhsil proqramlarının hazırlanmasının əhəmiyyətini qeyd edib.
İclasda söz alan Yeni Təhsil Proqramlarının Hazırlanması Komissiyasının MDU-dan nümayəndəsi dosent Namaz Manafov yeni təhsil proqramlarının zərurətindən danışıb. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarına əsasən, ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə ixtisasların yeni təsnifatının təsdiq edildiyini bildirib. Yeni təsnifata uyğun olaraq, bakalavriat səviyyəsində 153, magistratura səviyyəsində isə 129 ixtisasın olduğu və bunlardan bəzilərinin yeni olduğunu qeyd edib. N.Manafov müasir tələblərə cavab verən kompetensiya əsaslı və tələbəyönümlü təhsil proqramlarının hazırlanmasının vacibliyini vurğulayıb.
Yeni təhsil proqramlarının hazırlanması üçün yaradılan komissiyanın tərkibində universitetlərin rektorları və əmək bazarının nümayəndələrinin iştirak etdiyini bildirən Nizami Zeynalov əvvəlki illərdən fərqli olaraq komissiyaların birgə idarə olunacağını və bu məqsədlə 9 ixtisas qrupu yaradıldığını qeyd edib. Təhsil ixtisasları qrupunun rəhbərliyi isə ADPU-nun rektoru Cəfər Cəfərov və “Hədəf” şirkətlər qrupunun baş direktoru Şamil Sadıqova həvalə edilib.
MDU-nun rektoru vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalovun 4 mart 2025-ci il tarixli əmri ilə universitetdən təhsil proqramlarının hazırlanmasına cəlb olunan mütəxəssislərin siyahısı ADPU-ya göndərilib. Daha sonra dosent Namaz Manafov MDU-da təhsil ixtisasları üzrə daxili işçi qrupun yaradılmasını təklif edib. Təklifə əsasən, Pedaqogika və psixologiya kafedrasının müdiri professor Fərəh Cəlil, Humanitar fənlər kafedrasının müdiri dosent Esmira Cəfərova, Xarici dillər kafedrasının müdiri dosent Mehdi Rəhimov və Riyaziyyat kafedrasının müdiri dosent Rövşən Babayev tərəfindən rəhbərlik etdikləri kafedraların ən təcrübəli müəllimləri daxili işçi qrupuna namizədliklərini irəli sürüblər. İclasın qərarı ilə MDU-da təhsil ixtisasları üzrə daxili işçi qrup yaradılıb.
İclasda müzakirə olunan növbəti məsələ magistratura təhsil səviyyəsində “Pedaqogika” ixtisası üzrə ixtisaslaşmaların ilkin layihələrinin müzakirəsi olub. Magistratura və Doktorantura Mərkəzinin müdiri dosent Vəfa Məhərrəmova, kafedra müdirləri professor Fərəh Cəlil, dosentlər Esmira Cəfərova, Mehdi Rəhimov və Rövşən Babayev bu məsələ ilə bağlı dəyərli fikirlərini bildiriblər. Magistratura pilləsində ixtisaslaşmaların adlarının yeni redaktədə verilməsi ilə bağlı təklif səsə qoyulub və qəbul edilib.
İclasın sonunda Nizami Zeynalov gündəlikdəki bütün məsələlərin müzakirə olunduğunu və müvafiq qərarların qəbul edildiyini bildirib.



