AZ

Prezident mükafatçısı: Gənclərin gücü və sosial məsuliyyəti ölkənin sabahını müəyyənləşdirir MÜSAHİBƏ

Bakı, 13 mart, Təhminə Verdiyeva, AZƏRTAC

Gənclər cəmiyyətin ən dinamik, yenilikçi və dəyişiklik yaradan gücüdür. Onların enerjisi, ideyaları və əzmkarlığı sosial və iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilir. Gənclər yalnız gələcəyin ümid işığı deyil, həm də bu günü formalaşdıran, daha yaxşı bir sabah üçün çalışan fəal iştirakçılardır. Lakin gənclərin potensialını üzə çıxarmaq, onların təşəbbüslərini dəstəkləmək və daha geniş imkanlar yaratmaq üçün düzgün istiqamət, sistemli yanaşma və güclü motivasiya lazımdır. Məhz bu motivasiya və məqsədyönlü fəaliyyət bəzi gəncləri fərqləndirir, onları cəmiyyətin aparıcı qüvvəsinə çevirir. Belə gənclərdən biri də “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) layihə meneceri və koordinatoru, Prezident mükafatçısı Aytac Əjdərlidir. O, altı ilə yaxındır ki, sosial, ekoloji və təhsil sahələrində genişmiqyaslı layihələrin idarə olunmasına töhfə verir. Könüllü kimi başladığı yolun hər addımında bilik və bacarıqlarını artıraraq inklüziv təhsil, uşaq hüquqları və ekoloji məsələlər üzrə bir sıra mühüm təşəbbüslərə rəhbərlik edib. “Əzmlə çalışan hər bir gəncimiz uğur qazana bilər. Əsas məsələ birlikdə işləmək, cəmiyyətə fayda vermək və sosial məsuliyyəti hiss etməkdir”, - söyləyən istedadlı gəncin AZƏRTAC-a müsahibəsini təqdim edirik.

- “Regional İnkişaf” İctimai Birliyində çalışmağa necə başladınız?

- RİİB-də fəaliyyətimə 2018-ci ildə könüllü olaraq başlamışam və artıq 6 ilə yaxındır ki, İctimai Birliyin əməkdaşıyam. Könüllü fəaliyyətə qoşulmaq qərarını verərkən sosial layihələrə olan marağım və cəmiyyətə faydalı olmaq istəyi əsas motivasiya mənbələrimdən biri idi. RİİB-i seçməyimin əsas səbəbi isə onun genişmiqyaslı sosial, ekoloji və təhsil yönümlü layihələri həyata keçirməsi, gənclərin inkişafına xüsusi önəm verməsi və bu sahədə sistemli fəaliyyət göstərməsidir. Burada könüllülər üçün yaradılan şərait, onların fərdi inkişafına və cəmiyyətə töhfə verməsinə imkan yaradan mühit məni xüsusilə cəlb etdi. Könüllü fəaliyyətim müddətində təşkilatın müxtəlif layihələrində iştirak edərək həm fərdi, həm də peşəkar bacarıqlarımı inkişaf etdirdim. Xüsusilə komanda işində fəallığım, təşəbbüskarlığım və məsuliyyətli yanaşmam sayəsində fərqləndim. Bu da mənə RİİB-də rəsmi əməkdaş kimi fəaliyyətimi davam etdirmək fürsəti qazandırdı. Hazırda da bu təşkilatın bir parçası olaraq müxtəlif sosial və ictimai layihələrin idarə edilməsinə töhfə verməkdən qürur duyuram.

- RİİB-də çalışmağınız sizə bilik və təcrübə baxımından nə qazandırdı?

-Bu, mənə həm şəxsi, həm də peşəkar inkişaf baxımından böyük töhfələr verdi. Burada ictimai fəaliyyətin müxtəlif istiqamətləri ilə tanış oldum, komandada işləmək, layihələrin idarə edilməsi və icrası sahəsində dəyərli təcrübə qazandım. Eyni zamanda, müxtəlif sosial qruplarla işləmək bacarığımı inkişaf etdirdim, kommunikasiya və liderlik keyfiyyətlərimi gücləndirdim. Bütün bunlar mənim təşkilati bacarıqlarımı artırmaqla yanaşı, geniş təcrübə qazanmağa və dünyagörüşümü formalaşdırmağa da kömək etdi.

-Hazırda əsas hansı sahələrdə fəaliyyət göstərirsiniz?

-Layihə meneceri və koordinatoru kimi təhsil, ekoloji məsələlər, sosial sahələr və ictimai təşəbbüslər istiqamətində fəaliyyət göstərirəm. Xüsusilə RİİB-in prioritet verdiyi sahələrdən biri olan inklüziv təhsil layihələri çərçivəsində Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və ali təhsil müəssisələri ilə birgə əməkdaşlıq edərək müxtəlif layihələr həyata keçiririk. Bu layihələrə xarici ekspertlər cəlb olunur, onların iştirakı ilə həm nəzəri, həm də praktiki təlim proqramları hazırlanaraq icra edilir və ölkə üzrə bu sahədə peşəkar təlimçilər yetişdirilir. Ekoloji sahədə isə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 tədbirinin ölkəmizdə keçirilməsini nəzərə alaraq bu istiqamətdə müxtəlif layihələr icra olunub. Layihə meneceri olaraq iştirak etdiyim mühüm təşəbbüslərdən biri “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsi olub. Bu çərçivədə məktəblər arasında layihə müsabiqəsi təşkil edilib. Digər bir əhəmiyyətli layihə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə QHT-lər üçün icra edilən “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi çərçivəsində həyata keçirilən “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi olub. Hər iki layihə ölkəmizdə aparılan ekoloji siyasətə dəstək məqsədi daşıyır və Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirlərlə bağlıdır. Bundan əlavə, sosial sahədə də önəmli layihələrin icrasında iştirak edirəm. Məsələn, “Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsi sosial sahədə icra etdiyimiz mühüm təşəbbüslərdən biridir. Bu layihələr həm cəmiyyətin rifahına töhfə verməyə, həm də müxtəlif sosial qrupların inteqrasiyasına və dəstəyinə yönəlib.

-Siz həm iqtisadi, həm də sosial layihələr sahəsində fəalsınız. Bu iki fərqli sahəni necə uzlaşdırırsınız?

-Bildirmək istərdim ki, iqtisadi və sosial layihələr bir-birini tamamlayan və gücləndirən sahələrdir. Sosial layihələrin həyata keçirilməsində ən böyük məqsəd cəmiyyətin rifahını artırmaq, yoxsulluq, təhsil, səhiyyə və digər sosial problemlərə həll yolları tapmaqdır. Mən sosial layihələrin fəaliyyətlərinin icrasında iqtisadi biliklərimi tətbiq edərək onların davamlılığını təmin etməyə çalışıram. İştirak etdiyim bütün sosial layihələrin həyata keçirilməsində iqtisadi mexanizmlərin tətbiqi, bütün resursların düzgün bölüşdürülməsinin vacibliyini hər zaman görmüşəm. Dayanıqlı və möhkəm iqtisadiyyat bu iki fərqli sahənin inkişafı üçün çox mühümdür. Bu səbəbdən mən hər iki sahədə biliklərimi yeniləməyə, daim inkişaf etdirməyə çalışıram.

-Azərbaycanda uşaq hüquqları və inklüziv təhsil sahəsində irəliləyiş üçün hansı sistemli dəyişikliklərə ehtiyac var? Siz bu sahədə hansı praktiki addımları vacib sayırsınız?

-Uşaq hüquqları və inklüziv təhsil bir-biri ilə sıx bağlı olan iki vacib sahədir. Bütün uşaqların bərabər təhsil almaq və bacarıqlarını inkişaf etdirmək hüququ var, lakin bu hüququn tam təmin olunması üçün sistemli və davamlı islahatlara, yeni güclü iqtisadi mexanizmlərin tətbiqinə ehtiyac var. İnklüziv təhsilin inkişafı üçün bütün məktəblərdə fiziki mühitin uyğunlaşdırılması, xüsusi təhsil ehtiyacı olan uşaqlar üçün resursların daha çox olması lazımdır. Aidiyyəti dövlət qurumları və təşkilatımız tərəfindən reallaşan sosial layihələrdə aztəminatlı və həssas qruplardan olana uşaqlar üçün təhsil və psixososial dəstək proqramlarının həyata keçirilməsinin vacib olduğunu hər zaman müşahidə etmişəm. Hazırda inklüziv təhsil ölkəmizdə bir neçə pilot məktəbdə tətbiq olunur. Bu təhsil modelinin bütün regionlarımızda yerləşən məktəblərə tətbiq olunması üçün müəllimlərin peşəkar inkişafı, ictimaiyyətin maarifləndirməsi istiqamətində davamlı layihələrin həyata keçirilməsi mütləqdir. Bu yolda atılan bütün addımlar yalnız təhsil sahəsini deyil, ümumi cəmiyyətimizin xüsusi imkanları məhdud hər bir şəxsə qarşı yanaşmalarını və davranışlarını dəyişdirəcək.

-İqlim dəyişikliyi ilə mübarizədə fərdlərin və cəmiyyətin üzərinə düşən əsas məsuliyyətlər nədir? Bu sahədə atılan addımlar kifayət qədər təsirli hesab edilə bilərmi?

-Hazırda iqlim dəyişikliyi planetimizin ən ciddi problemlərindən biridir və bununla düzgün mübarizə aparmaq hər bir fərdin birgə fəaliyyətini tələb edir. Fərdi vətəndaş olaraq enerji israfına qənaət etmək, tullantıları azaltmaq, plastik tullantılardan daha az istifadə edərək təkrar emala töhfə verməyə çalışıram. Cəmiyyət olaraq isə hər zaman məktəblilər və gənclər arasında ekoloji maarifləndirmə, yaşıl texnologiyaların tətbiqinin gücləndirilməsi əsasdır. İstər gənclər, istərsə də məktəblilər arasında keçirdiyimiz ekoloji layihələrdə qlobal iqlim dəyişikliyinin uşaq sağlamlığına təsirləri və yuxarıda qeyd olunan ekoloji fəaliyyət istiqamətlərində fəaliyyətləri hər zaman icra edirik.

-Gənclərin sosial fəallığının artırılması üçün sizcə, hansı təşəbbüslər həyata keçirilməlidir? Azərbaycan gəncləri üçün ən böyük maneələr hansılardır və onları necə aşmaq olar?

-Qeyd etmək istərdim ki, Azərbaycan gənclərinin xaricdə təhsil alıb, sonra ölkəyə qayıtmaması məsələsi çox aktualdır. Xarici təhsil və təcrübə gənclərə dünya səviyyəsində təcrübə qazandırır, lakin mən çox istərdim ki, hər bir gəncimiz bu təcrübəsini ölkəmizdə digər gənclərin inkişafı üçün tətbiq etsin. Bu, təkcə motivasiya və stimul deyil, beynəlxalq səviyyədə qazanılan təcrübənin ölkəmizdə tətbiqi, iqtisadiyyatımızın və insan resursları kapitalının, bütün cəmiyyətin inkişafını təmin edəcək. Əlavə olaraq onu da bildirmək istərdim ki, dövlətimizin başçısı tərəfindən belə bir mükafata layiq görülmək, mənim üçün böyük şərəf və qorunub saxlanılmalı olan məsuliyyətdir. Həyata keçirilən fəaliyyətlərin, layiqli təşəbbüslərin ən yüksək şəkildə qiymətləndirilməsi böyük uğurdur. Bu uğur hər bir gəncimiz üçün böyük motivasiya ola bilər. Bu, onu göstərir ki, mənim, eləcə də digər mükafatçıların nümunəsində əzmlə çalışan hər bir gəncimiz uğurlu ola, daha çox çalışaraq cəmiyyətimizdə böyük dəyişikliklər yarada bilər.

-Liderlik və qərarvermə prosesində sizə ən çox təsir edən bir təcrübənizi bölüşə bilərsinizmi? Həmin situasiyada ən çox hansı bacarıqlarınız işə yaradı?

-Mən düşünürəm ki, liderlik prosesi zamanı empatiya çox vacibdir. Çünki bu, təkcə insanların nə hiss etdiyini anlamağa deyil, eyni zamanda, komanda ruhunu gücləndirməyə təşviq edir. Bir layihənin idarə olunması zamanı komandamla müəyyən fikir ayrılıqları yaranmışdı. Komanda üzvlərinin hər biri layihənin müxtəlif aspektlərini fərqli perspektivlərdən qiymətləndirirdi və bu, ümumi məqsədə çatmaqda müəyyən çətinliklər yaradırdı. Bu vəziyyətdə əvvəlcə empatiya göstərməyə qərar verdim. Hər bir üzvün fikrini və narahatlıqlarını diqqətlə dinlədim və hər birinin baxış bucağını anlamağa çalışdım. Bu yanaşma həm komanda üzvlərinin öz fikirlərinin dəyərləndirildiyini hiss etmələrini təmin etdi, həm də daha effektiv bir iş mühiti yaratmağa kömək etdi. Hər zaman dinləmək və strateji qərar vermək bacarığım ən uyğun həll yolunu tapmaqda mənə yardımçı oldu. Eyni zamanda, aztəminatlı, həssas, xüsusi imkanları məhdud, o cümlədən küçə mühitində olan uşaqlarla işləmək mənə liderlik və qərar vermə prosesində əlavə dərinlik qazandırdı. Bu layihədə xüsusi diqqət göstərilən uşaqların yaşadığı sosial və iqtisadi şərait onların inkişaflarını əhəmiyyətli dərəcədə məhdudlaşdırırdı. Bu uşaqlarla birbaşa işləyərkən onların ehtiyaclarını anlamaq və daxil olduqları çətin mühitləri nəzərə alaraq layihəni daha uğurlu həyata keçirmək vacib məqsədlərimizdən biri oldu. Hər bir sosial layihədə, o cümlədən aksiyalarda əldə etdiyim təcrübə mənə komanda ilə işləyərkən və sosial məsuliyyətli layihələr həyata keçirərkən hər kəsin fərdi vəziyyətlərini və ehtiyaclarını anlamağın nə qədər vacib olduğunu göstərdi. Küçə mühitində olan uşaqların həyatında edilən hər bir kiçik dəyişikliyin nə qədər böyük bir təsir yaratdığını görmək mənim liderlik yanaşmamı daha da inkişaf etdirdi. Belə bir layihələri icra edərkən yalnız strateji və praktiki yanaşmalar deyil, həm də insani dəyərlərə diqqət yetirmək vacibdir. Uşaqların sosial uyğunlaşmasını və gələcəkdə müsbət dəyişikliklər yaratmalarını təmin etmək üçün onlara dəstək göstərməyim mənə xoş və unudulmaz bir təcrübə oldu.

-Gələcəkdə hansı sosial və ya iqtisadi təşəbbüsləri reallaşdırmaq istəyirsiniz? Sizi ən çox həyəcanlandıran və cəmiyyətə təsir edə biləcəyinə inandığınız ideya nədir?

-Uşaq müdafiəsi və təhlükəsizliyi mexanizminin inkişafı, gənclərin potensial bacarıqlarının artırılması, o cümlədən inkluziv təhsilin inkişafı və digər istiqamətlərdə ölkəmizdə yerli və beynəlxalq sosial layihələr həyata keçirmək, beynəlxalq arenada ölkəmizi bu istiqamətdə təmsil etmək mənim gələcəkdə həyata keçirmək istədiyim təşəbbüslərdən biridir. Gələcəkdəki sosial və iqtisadi təşəbbüslərim yalnız şəxsi məqsədlərimlə deyil, həm də sosial məsuliyyət və cəmiyyətin davamlı inkişafına olan inamıma da xidmət edir. “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın həyata keçirilməsində qeyd olunan bir çox fəaliyyətlərin icrasında töhfəmi vermək ən böyük arzularımdan biridir. Bu təşəbbüslərin əsasını isə uşaq hüquqlarının qorunması, uşaq müdafiə mexanizminin inkişafı və uşaq strategiyasının fəaliyyətlərinin icrası zamanı yeni layihələrin icrası təşkil edir. İlk növbədə, uşaq hüquqlarının qorunması sahəsində irəliləyişlərə nail olmağı hədəfləyirəm. Bu, yalnız hüquqi islahatlar və qanunvericilik dəyişiklikləri ilə deyil, həm də cəmiyyətin hər bir üzvünün uşaq hüquqlarına dair maarifləndirilməsi ilə bağlı geniş təşəbbüslərin həyata keçirilməsi ilə mümkündür. Uşaqların təhsil hüququnu, sağlamlıq hüququnu və sosial müdafiə və digər hüquqlarını təmin etmək üçün davamlı uşaq inkişafı, inkluziv təhsilin təkmilləşdirilməsi və s. istiqamətlərdə sosial layihələrin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

 

Seçilən
9
azertag.az

1Mənbələr