AZ

Milli Məclis beynəlxalq parlament təşkilatlarına məktublar ünvanlayıb

Milli Məclis beynəlxalq parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə və beynəlxalq parlament təşkilatlarına məktublar ünvanlayıb.

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlı Azərbaycanda keçirilən məhkəmə prosesi ilə əlaqədar Milli Məclis tərəfindən xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə və beynəlxalq parlament təşkilatlarına məktublar ünvanlanıb.

Operativ Media  xəbər verir ki, məktublarda Azərbaycanın hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəmə prosesini pozmağa cəhd edən əsassız qarayaxma kampaniyası ilə üzləşdiyi qeyd olunaraq, həmin şəxslərin Ermənistanın 30 il davam etmiş hərbi təcavüzü çərçivəsində hərbi cinayətlər, bəşəriyyətə qarşı cinayətlər, etnik təmizləmə, hərbi təcavüz, soyqırımı aktları, işgəncələr və digər ağır cinayətlər törətməkdə ittiham olunduqları diqqətə çatdırılır.

Bu məsələ ilə bağlı irəli sürülən yalan iddiaların məhkəmənin legitimliyini şübhə altına almaq məqsədi daşıdığı vurğulanaraq, qeyd edilir ki, hərbi cinayətkarları “hərbi əsir” adlandırmaq və onların azad olunmasını tələb etmək, vəziyyətin mahiyyətini bilməməkdən və ya onu qəsdən görməzdən gəlməkdən irəli gəlir.

Məktublarda daha sonra mühakimə olunanların Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi cinayətlər faktlarla diqqətə çatdırılır. Bu şəxslərin Azərbaycan ərazilərinə qarşı həyata keçirilmiş hərbi təcavüzü planlaşdıran və icra edən, eyni zamanda hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər törədənlər arasında olduqları vurğulanır. Lakin bu günədək bu müharibə cinayətlərinə və insanlıq əleyhinə cinayətlərə görə Ermənistanda bir nəfərin belə məsuliyyətə cəlb olunmadığı, əksinə, Ermənistanın bu cinayətkarları qəhrəman kimi tərənnüm etməkdə davam etdiyi ifadə edilir. Məktublarda deyilir ki, aparılan istintaq zamanı Ermənistanın və onun hərbi-siyasi rəhbərliyinin hərbi təcavüz və işğala görə məsuliyyət daşıdığını sübut edən mühüm faktlar aşkar olunub.

Məktublarda, həmçinin bildirilir ki, bəzi siyasətçilərin, parlament üzvlərinin və media nümayəndələrinin əsassız iddialarına baxmayaraq, bu şəxslərin vəkil tutmaq hüququ tam təmin edilir, onlara qarşı hər hansı pis rəftar barədə heç bir şikayət daxil olmayıb və məhkəmə prosesləri tam şəffaf şəkildə aparılır.

Yekunda vurğulanır ki, Azərbaycanın ərazisində müharibə cinayətkarlarının ədalətli mühakiməsinə qarşı çıxanlar açıq şəkildə etnik təmizləməni, işğalı və təcavüzü dəstəkləyirlər. Ədalət olmadan sülh mümkün deyil və ədalət yalnız cəzasızlıq sona çatdırıldıqda bərqərar ola bilər.

Məktublara Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə törətdiyi müharibə cinayətləri və insanlığa qarşı cinayətləri özündə ehtiva edən və BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi qəbul edilmiş 2019-cu il tarixli "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində müharibə cinayətləri və Ermənistan Respublikasının məsuliyyəti haqqında Hesabat" da əlavə edilib.

Seçilən
1
23
operativmedia.az

10Mənbələr