“Xarici işlər naziri Ceyhun Bayramov bildirdi ki, artıq Ermənistan tərəfi bu günə qədər razılaşdırılmamış iki müddəa ilə bağlı razılığını bildirib. Bunlardan biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının qaldırılması idi. Yəni Ermənistanda yeni Konstitusiyanın qəbul edilməsi. Digər müddəa isə ATƏT-in Minsk Qrupunun ləğv olunması ilə bağlı hər iki tərəfin birgə müraciəti məsələsi idi. Düşünürəm ki, razılıq əldə olunubsa, bundan sonra qalan məsələlər texniki məsələlərdir və bir qədər vaxt aparacaq”.
Bu sözləri Prvada.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
“Nəticə etibarilə, referendum vaxt aparır. Ancaq Ermənistan səmimidirsə, referendum keçirilənə qədər ATƏT-in Minsk Qrupunun ləğv olunması ilə bağlı Azərbaycanla birlikdə müraciət edə bilər. Sonrakı mərhələdə isə yaxın müddət ərzində referendumla bağlı qərar qəbul edə bilərlər. Bütün hallarda belə görünür ki, artıq sülh sənədi üzərində razılaşmalar başa çatıb. Sadəcə, texniki baxımdan müəyyən müddət tələb olunacaq ki, sülh sazişi imzalansın", - deputat bildirib.
Aytəkin Qardaşova