Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Jurnalist Ekspert Mərkəzi” İctimai Birliyinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğluna 50 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
QHT.az xəbər verir ki, Komitə sədrinin məktubunda yubilyarın fəaliyyətinin ən önəmli məqamlarına toxunulub:
“Hörmətli Ceyhun müəllim,
Sizi 50 illik yubileyiniz münasibətilə təbrik edir, möhkəm cansağlığı, ictimai fəaliyyətinizdə və yaradıcılığınızda yeni uğurlar diləyirəm!
Çox şadam ki, bu əlamətdar yubileyinizi düşmən işğalından azad edilmiş doğma Zəngilanda “Böyük Qayıdış” nəticəsində yaşayışın bərpası, abadlıq və xoşbəxt həyatın qurulması fonunda qeyd edirsiniz.
Siz jurnalist və ictimai birlik rəhbəri kimi effektiv layihələriniz, diqqətəlayiq araşdırmalarınız və ekspert rəylərinizlə seçilmiş, Azərbaycan həqiqətlərinin, haqq-ədalətin təbliğinə töhfə vermisiniz.
1997-ci ildən dövrü mətbuatda çalışırsınız. Hansı mətbuat orqanında, ictimai təşkilatda və dövlət qurumunda fəaliyyət göstərmisinizsə, həmişə işgüzarlığınız, məhsuldarlığınız və səmimiyyətinizlə fərqlənmisiniz. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmusunuz.
Sizi ictimai fəaliyyətinizdə və yaradıcılığınızda qazandığınız uğurlar, eləcə də əlamətdar yubileyiniz münasibətilə bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm!”