Bakı dünyada artıq ciddi beynəlxalq dialoq mərkəzi kimi qəbul edilir. Bu səbəbdən də hər ötən il Bakı Forumuna böyük önəm verilir. Bunun üçün bu gün öz işinə başlayan XII Qlobal Bakı Forumunda iştirak edən nümayəndələrə və müzakirə edilən məsələlərə diqqət yetirmək kifayətdir. XII Qlobal Bakı Forumunda bu gün beynəlxalq aləmi narahat edən yeni dünya düzəni uğrunda geosiyasi mübarizələrin getdiyi bir zamanda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” kimi məsələnin müzakirəsi aktual olması ilə yanaşı, çox mühüm əhəmiyyət kəsb edir. Bu bir daha Bakı Forumunun beynəlxalq səviyyədə ciddi dialoq məkanı kimi qəbul edilməsinin göstəricisidir”.
Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
O bildirib ki, Bakı Forumunun ciddi dialoq mərkəzi kimi qəbul edilməsini və ənənə halını almasını, həm də Azərbaycana beynəlxalq aləmdə necə önəm verilən bir ölkə kimi dəyərləndirmək lazımdır.
Millət vəkili əlavə edib ki, Azərbaycan belə bir ciddi platformadan öz yürütdüyü siyasətin mahiyytini beynəlxalq aləmə çatdırılması baxımdan mühüm rol oynayır. “Belə bir mötəbər platforma vasitəsi ilə Azərbaycan həm üzləşdiyi problemləri və ondan çıxış yollarını, həm də qlobal miqyadakı problemlərlə bağlı mövqeyini, həmin məsələlərin həllinə necə töhfə verə biləcəyini beynəlxalq aləmin diqqətinə çatdırır. Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında beynəlxalq aləmə çox mühüm mesajlar verdi. Bu mesajları belə oxumaq olar.
Birincisi, Azərbaycan COP 29 zamanı qlobal iqlim dəyişikliklərinə qarşı öhdəliklərə sadiqdir və bu istiqamətdə öz töhfəsini vermək istiqamətdə ardıcıl siyasət yürüdür. Azərbaycan malik olduğu enerji resurslarına məsuliyyətlə yanaşır.
İkincisi, Azərbaycan müxtəlif enerji mənbəyi kimi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır. Prezident İlham Əliyev Forumda çıxışında qeyd edib ki, bu gün 12 ölkəyə təbii qaz ixrac edir və onlardan 10-u Avropa ölkəsidir. Bu səbəbdən da Azərbaycan Pan-Avropa enerji təchizatçısı kimi tanınır.
Üçüncüsü, Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasında müstəsna rol oynamasına baxayaraq, qarşı tərəfin qeyri-adekvat siyasət və hərəkətləri ilə üzləşir. Bu da təbii ki, Avropa ilə Azərbaycan arasındakı münasibətlərin daha geniş formatda əməkdaşlığını əngəlləyir. Cənab Prezident bəyan edib ki, heç nədən çəkinməyərək cəsarətli şəkildə Avropa-Azərbaycan, ABŞ-Azərbaycan münasibətlərinin inkişafına mane olan qüvvələri və şəxsləri konkret şəkildə dilə gətirib. Ölkə başçısı bildirib ki, burada mühüm rol oynayan qüvvələr erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilərdir.
ABŞ-Azərbaycan münasibətlərində yaranmış mövcud duruma toxunan ölkə başçısı bildirib ki, Co Bayden dönəmində dövlət katibi işləmiş Entoni Blenken Bakı-Vaşınqton münasibətlərini heçə endirib. Bununla belə o əlavə edib ki, Tramp yenidən Ağ Evə döndükdən sonra Bakı ilə Vaşinqton arasında münasibətlərin əvvəlki məcrada inkişafına ümidlər var. Çünki Tramp prezident seçildikdən sonra münasibətlərə xələl gətirən USAID kimi təşkilat ləğv olundu, korrupsiyaya uğramış siyasətçi Robert Menendes də cəzalandırıldı. Bununla belə cənab Prezident Adam Şif, Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərlərinin onilliklərlə erməni diaspor təşkilatlarından pulları alaraq Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla ölkəmizi gzdən salmağa və ikitərəfli münasibətləri pozmağa çalışırdılar.
Prezident onu da bildirib ki, USAİD-in ləğvindən sonra ermənilər və erməni diasporu “böyük qardaş” ünvanını Brüsselə dəyişib. İndi o böyük qardaş Brüsseldir.
Dördüncüsü, cənab Prezident bəzi Avropa ölkələrinin Ermənistanı sürətlə ölümcül silahlarla təchiz etməklə Cənubi Qafqazda eskalasiya yaratmaq mesajını verdi.
Bildirib ki, Ermənistana məhvedici silahların verilməsi Azərbaycana qarşı yönəlib. Bu isə o deməkdir ki, bəzi Avropa ölkələri bölgədə gərginliyin yaranmasında maraqlıdır. Dövlət başçısının Avropanın monitorinq missiyası Ermənistandakı fəaliyyətini Avropa İttifaqının kəşfiyyat missiyası kimi dəyərləndirməsi bunun sübutudur. Prezident açıq formada dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, adı çəkilən missiyanın əsas hədəfi gecə-gündüz casus kimi bizim sərhədlərimizdə fəaliyyət göstərməklə haradansa Azərbaycana hücum planını reallaşdırmaqdır.
Beşincisi, Azərbaycanın güclü və qüdrətli orduya sahib olması mesajını verərək bildirdi ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Amma Azərbaycan 2005-ci ildən başlayaraq güclü ordu yaradıb. Məhz güclü ordu nəticəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub.
Altıncısı, Azərbaycan yaratdığı yeni reallığa uyğun olaraq Cənubi Qafqazda dayanıqlı sülhün yaradılmasında maraqlıdır və fəaliyyətini də bu istiqamətdə qurub.
Əminəm ki, Azərbaycan yaranmış geosiyasi proseslərdən məharətlə istifadə edərək qarşısında duran çağırışları fürsətlərə çevirərək istəyinə nail olacaq. Nəticədə Azərbaycan bölgədə dayanaqlı sülhə, sabitliyə və sıx inteqrasiya olunmuş əməkdaşlıq formatını yaradacaq. Ona görə də istər Ermənistan, istərsə də onun havadarları Azərbaycan Prezidenti İlham Əliyevin mesajlarını düzgün oxuyub vaxtında nəticə çıxarsalar yaxşı olar. Onsuz da Azərbaycan qarşıya qoyduğu hədəflərə nail olacaq və bunun qarşısını almaq mümkün olmayacaq”.
Mürtəza
Ölkə.Az