AZ

“Aliment işinə görə 695 manat alıb, aldatdı” – Vəkildən daha bir şikayət  

  Naxçıvan sakini Günay Nəbiyeva İlqar qızı özünü hüquq müdafiəçisi kimi təqdim edən Səbiyyə Panəliyeva tərəfindən aldadıldığını iddia edir.

Bununla bağlı Musavat.com-a müraciət edən G. İsgəndərli deyir ki, S. Panəliyeva ilə “İnstagram” sosial şəbəkəsində tanış olub və aliment işi ilə bağlı ona müraciət edib: “Mən həyat yoldaşımdan boşanmışam, o, indi Türkiyədə yaşayır. Alimenti ödəmir. Bu məsələ ilə bağlı ondan kömək istədim. Səbinə xanım mənə votsap nömrəsini verdi və biz söhbətimizi orada apardıq. Mən ona yoldaşımın ölkə xaricində olduğunu və il yarımdır ki, aliment ala bilmədiyimi dedim. Mənə təminat verdi ki, bu işi qanuni yolla həll edəcək, sadəcə bunun üçün ödənişlər etməliyəm. Ona qədər mən Naxçıvanda başqa vəkillərə də müraciət etmişdim, demişdilər ki, ölkə xaricindədirsə, yalnız Azərbaycana qayıdanda nəsə etmək mümkündür.

S. Panəliyeva isə mənə təminat verdi və ilkin ödənişləri istədi. Onun hesabına ilk dəfə 195 manat göndərdim. Üstündən bir neçə saat keçəndən sonra o mənə yenidən yazdı və dedi ki, ona 500 manat göndərməliyəm. Bildirdi ki, bu məbləğ ya onun, ya da mənim balansımda olmalıdır ki, işləri həll edə bilsin. Mən də işim alınsın deyə, onun dediyi hesaba 500 manat göndərdim. Pulu göndərəndə bildirdi ki, 1 saata həmin məbləği mənə geri qaytaracaq. Pul o gedən getdi. Məcbur qalıb fevralın 14-də Naxçıvan şəhər polis bölməsinə, daha sonra isə prokurorluğa müraciət etdim.

Səbinə xanım mənə dedi ki, səfirliyə və bir sıra yerlərə məktub göndərib, bunun üçün pul xərcləyib. Belə olan halda mən ondan çek tələb etdim, o, bundan yayındı. Artıq aldadıldığımı bildim.
Martın 10-u televizora baxanda gördüm ki, sən demə, həmin xanım tək məni yox, çox adamı aldadıb. Şikayətçilər televiziyalardan birinə müraciət etmişdi. Məlum oldu ki, həmin xanım ayrı-ayrı şəxslərin ümumilikdə 40 minə yaxın pulunu mənimsəyib.

Qohumlarım onun iş yeri kimi göstərdiyi ünvana getdilər və aydın oldu ki, orada heç bir vəkil bürosu fəaliyyət göstərmir. Mən istəməzdim ki, digər insanlar da mənim kimi aldansın”.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Lumu İsrəfilli Musavat.com-a bildirib ki, vətəndaş Səbiyyə Panəliyeva tərəfindən bir neçə şəxsin hüquqazidd hərəkətlərə məruz qalması barədə ayrı-ayrı rayon polis orqanlarında müraciətlər var. Həmin müraciətlər əsasında araşdırmalar aparılır.

Xatırladaq ki, bundan əvvəl də bir qrup vətəndaş mediaya və polisə Səbiyyə Panəliyeva ilə bağlı şikayətlə müraciət ediblər. Şikayətçi Hüseyn Abdullayev “Qafqazinfo”ya bildirib ki, S.Panəliyeva vətəndaşların ümumilikdə 28 min manatdan çox pulunu ələ keçirib. Onun sözlərinə görə, Neftçala, Qazax və bir çox rayonlardan S. Panəliyevanın adına şikayətlər mövcuddur:
“16 rayonda adına şikayət var. Məndən başqa vətəndaşlar – Leyla Xudiyeva, Nicat Yusifov, Tural Qurbanov, Akif Şıxəliyev, Gülər Məcidova, Şaiq Abdullayev də ondan şikayətçidir. Aidiyyəti orqana müraciət etmişik”.



Seçilən
5
referans.az

1Mənbələr