Məlumdur ki, hər hansısa bir mübahisəli məsələdə əgər vəkilə müraciət zərurəti yaranarsa o zaman vətəndaş vəkil xidmətinə müraciət etməli olur. Təbii ki, bunun üçün müəyyən ödənişlər olunmalıdır. Bəs aztəminatlı və ya ümumiyyətlə vəkil xidmətindən istifadə etməyə maddi cəhətdən gücü çatmayan şəxslər nə etməlidir? Vəkil tutmağa pulu olmayan şəxslər üçün hansısa güzəştlər varmı?
Mövzu ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil İxtiyar Hüseynov Referans-a açıqlamasında qeyd edib ki, Azərbaycan Vəkillər Kollegiyası il ərzində müxtəlif vaxtlarda aztəminatlı ailələr üçün ödənişsiz vəkil xidmətləri təşkil edirlər. Bunun üçün hər bir vətəndaş yaşadığı ərazidə yerləşən müvafiq vəkil bürosuna yaxınlaşıb ətraflı məlumat əldə edə bilər.
Vəkil həmçinin onu da qeyd edib ki, bu məsələ ilə bağlı dövlət tərəfindən müəyyən kateqoriyaya aid olan vətəndaşlara pulsuz vəkillə təmin olunma imkanları verilir. Sadəcə əfsuslar olsun ki, bu istiqamətdə Azərbaycanda tamamilə ödənişsiz hüquqi yardım büroları mövcud deyil. Lakin bununla belə Ədliyyə Nazirliyinin yerli qurumları tərəfindən hüquq maarifçiliyi istiqamətində vətəndaşlara hüquqi yardımlar edilir.
Sonda Azərbaycan Qanunvericiliyinə əsasən pulsuz vəkil xidmətləri ilə bağlı məlumatı sizə təqdim edirik:
1. Pulsuz vəkil xidməti – Mülki işlər üzrə Pulsuz vəkil xidməti mülki işlər üzrə qanunvericiliyə yeni daxil edilib.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilən son dəyişikliklərə əsasən artıq vəkillərin mülki işlərdə də dövlət hesabına xidmət göstərmələri təmin olunur.
Pulsuz vəkil xidməti almaq üçün Məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir.
2. Pulsuz vəkil xidməti şamil olunan şəxslərin siyahısı:
– orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş(I və II dərəcə əlillik) və işləməyən – 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər; – insan alverinin qurbanları – məişət zorakılığından zərər çəkmiş şəxslər; – valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar; – ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; – müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər; – maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər(2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir)
Qeyd: Mülki işlər üzrə yalnız yuxarıda qeyd olunan kateqoriyalara aid şəxslər pulsuz vəkil xidmətindən yararlana bilər. Digər şəxslər vəkillərlə ödənişli əsaslarla müqavilə bağlayaraq xidmət ala bilər.
3. Pulsuz vəkil xidmətini necə əldə etmək olar?
Məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin vəkil qurumuna müraciət edir. Vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi işə baxır.
Məhkəməyə və vəkil qurumuna ərizə ilə müraciət etmək üçün ərizəni Erizem.az veb saytından yarada bilərsiniz. Məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. Məhkəmə işə vəkil qurumunun ərizəsinə daxil olduğu vaxtdan 15 gün müddətində, müraciət müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı olduqda isə təxirə salınmadan baxır.
Məhkəmə xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir.
Ərizəyə baxılmasının nəticəsi barədə qərardaddan bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər. Həmçinin məhkəmə vəkilə ödənilmiş vəsaitin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış digər şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməsini iş üzrə yekun qərarında qət edə bilər.
4. Pulsuz vəkil xidməti üçün onlayn müraciət
Pulsuz online vəkil məsləhəti, pulsuz vəkil xidməti – Online vəkil xidməti “ProDemos – Xalq üçün” Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA (Avropa Hüquqşünas Tələbələr Asossiyasiyası) Azərbaycanın ortaq layihəsidir. Siz yuxarıda qeyd olunan şəxslərdən birisinizsə, səhifəyə daxil olaraq Müraciət formasını doldurub. Pulsuz vəkil xidməti əldə edə bilərsiniz.
Bünyamin Bünyadzadə
Referans