AZ

Avstraliyada məktəbdə dinozavr izləri tapılıb

Bakı, TurkicWorld

Avstraliyanın Kvinslend ştatında yerləşən Banana kənd qəsəbəsindəki bir məktəbin girişində illərlə diqqətdən kənarda qalan bir qaya üzərində 66 dinozavr ayaq izi aşkar edilib.

TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, Kvinslend Universitetinin paleontoloqu Entoni Romilio, məktəb rəhbərliyinin müraciətindən sonra qayanı araşdırıb və onun təxminən 200 milyon il əvvəl, erkən Yura dövründə yaşayan dinozavrlara aid olduğunu müəyyən edib. O bildirib ki, bu, Avstraliyada indiyə qədər tapılmış ən böyük dinozavr izi kolleksiyalarından biridir.

"Bu tapıntı dinozavrların sayı, hərəkətləri və davranışları barədə unikal məlumat təqdim edir", – deyə Romilio vurğulayıb. O dövrə aid fosilləşmiş dinozavr sümüklərinin olmaması isə bu izləri daha da dəyərli edir.

Sözügedən qaya 2002-ci ildə kömür mədənçiləri tərəfindən tapılıb. Onlar üzərindəki qeyri-adi izlərə diqqət yetirərək onu Biloela şəhərindəki məktəbə hədiyyə ediblər. Lakin illərdir qayanın həqiqi dəyəri heç kim tərəfindən dərk edilməyib. Hətta bəzi müəllimlər onu sadəcə bir replika hesab edirmiş.

Romilio və komandası qaya üzərində 66 ayrı dinozavr izini müəyyən edib. Bunların Anomoepus scambus adlı kiçik, ikiayaqlı, ot yeyən dinozavrlara aid olduğu bildirilir.

Paleontoloq qeyd edib ki, fosilləşmiş dinozavr ayaq izləri çox yayılmış olsa da, tez-tez tədqiqatçıların diqqətindən kənarda qalır. Çünki adətən fosil sümükləri daha maraqlı hesab edilir.

Romilio araşdırmalar zamanı kömür mədəninin dayanacağında daha bir böyük qaya parçasında dinozavr izinin olduğunu aşkar edib. “Oraya girərkən qayanın çəmənliyə mane olduğunu gördüm. Yaxınlaşdıqda isə üzərində açıq-aşkar dinozavr izi vardı. Onu görəndə heyrətə gəldim”, – deyə o bildirib.

Seçilən
5
turkic.world

1Mənbələr