"Amerikalılar bu yeni sazişin müəyyən siyasi şərtlərlə müşayiət olunmasını istəyir, bu, uğurlu variant deyil..."
Cümə günü, martın 14-də tarixində Pekində Çin, İran və Rusiya xarici işlər nazirliklərinin müavinləri səviyyəsində görüş keçiriləcək.
Moderator.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyinin məlumat verib.
Məlumata görə, görüş "İranın nüvə proqramı ətrafında baş verən hadisələrə, sanksiyaların aradan qaldırılmasına, regional və beynəlxalq proseslərə" həsr olunacaq.
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninin sözlərinə görə, görüşdə "İranın nüvə problemi" və "qarşılıqlı maraq doğuran digər məsələlər" müzakirə ediləcək.
Rusiya və Çin 2015-ci ildə imzalanmış İranla Nüvə sazişinin- Birgə Hərtərəfli Fəaliyyət Planının iştirakçıları olub. Hazırda Rusiya İranın nüvə proqramı üzrə yeni sazişin bağlanmasına çalışır ki, bu da Qərb ölkələrinin Tehrana qarşı tətbiq etdiyi sanksiyaların yumşaldılmasını nəzərdə tutur.
Pekin də birtərəfli sanksiyalara qarşı çıxaraq, onları suverenliyin pozulması kimi qiymətləndirir. Çin İrandan neftin ən böyük alıcısıdır və bəzən sanksiyalardan yan keçərək "qeyri-rəsmi sxemlər" vasitəsilə neft tədarükünü davam etdirir. Bununla belə, ABŞ və Avropa İttifaqı ilə ticarətinə zərər verməmək üçün Qərbin bəzi sanksiyalarına qismən əməl edir.
ABŞ prezidenti postuna yenidən gəldikdən sonra Donald Tramp ilk prezidentliyi dövründə tətbiq etdiyi "maksimum təzyiq" kampaniyasını bərpa edib. Onun məqsədi İranı qlobal iqtisadiyyatdan təcrid etmək və neft ixracını sıfıra endirməkdir.
Son müsahibəsində Tramp bildirib: "İranla bağlı iki seçim var: ya hərbi yol, ya da Tehranı nüvə silahına sahib olmamağa məcbur edəcək bir saziş". Lakin İran "təzyiq altında" hər hansı danışıqlara getməkdən imtina edir.
Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva İranın nüvə proqramı üzrə sazişin ilkin formada bərpasının tərəfdarıdır.
"Görək hadisələr necə inkişaf edəcək. Lakin bəzi əlamətlər var ki, amerikalılar bu yeni sazişin müəyyən siyasi şərtlərlə müşayiət olunmasını istəyir. Yəni İranın İraq, Livan, Suriya və digər yerlərdə qruplaşmalara dəstək vermədiyini təsdiqləyən yoxlamalardan keçməsi tələb oluna bilər. Düşünmürəm ki, bu, uğurlu bir variant olsun", - Lavrov vurğulayıb.
O, əlavə edib ki, "İran istisna olmaqla, bütün ölkələrin regionun digər dövlətlərinə təsir göstərmək hüququna malik olması" mümkün olmayan bir ssenaridir.