AZ

“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dəyirmi masa

YAP Kürdəmir rayon təşkilatının qərargahında “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dəyirmi masa keçirilib.

“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı və Kürdəmir Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə  Əsgərli bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Cari ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü münasibətilə çoxsaylı tədbirlər keçiriləcəkdir. Vəsilə Əsgərli Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın qəbul olunmasına zərurət yarandı. Bu məqsədlə də 1995-ci ildə Ulu Öndər Heydər Əliyev başda olmaqla Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan xüsusi komissiya yaradılmış və Konstitusiya layihəsi hazırlanaraq ümumxalq müzakirəsinə verilmişdir. 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olan yeni Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir.   Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-nin Azərbaycanda Konstitusiya Günü kimi qeyd edilməyə başlanmışdır.

Tədbirdə “Azərbaycanın müasir siyasi sistemi qabaqcıl dövlət idarəçiliyinin bariz nümunəsidir” mövzusunda Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı aparatının məsləhətçisi Məhəmməd Heydərli, “2023-cü il bir günlük antiterror əməliyyatı və suverenliyimizin bərpa edilməsi” mövzusunda Muradxan kənd tam orta məktəbinin direktoru Gülnaz Əliyeva, “Xalqımızın Zəfəri – ərazi bütövlüyünün və suverenliyin tam bərpa edilməsi” mövzusunda Kürdəmir rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Sahilə Müseyibova, “Ərazi bütövlüyünün və suverenliyin əldə olunmasında gənclərin rolu” mövzusunda “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin  əməkdaşı Aygül Abdurahmanova çıxış edərək  Ümummilli Liderin hüquqi dövlət quruculuğu sahəsindəki müstəsna xidmətlərindən danışaraq, onun rəhbərliyi ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasını Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi istiqamətində atılan ən böyük addımlardan biri olduğunu qeyd etmişlər.   Natiqlər vurğulamışlar ki,  Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin milli maraqlara cavab verən, demokratik dəyərləri, qarşılıqlı hörmət və etimad prinsipini özündə ehtiva edən siyasətini ardıcıl islahatlarla dövrün tələblərinə uyğun zənginləşdirərək ölkəmizin Cənubi Qafqaz regionunda və daha geniş coğrafiyada nüfuzunu daha da artırmışdır. Ali Baş Komandanımız cənab İlham Əliyev bizə Böyük Zəfəri, Qələbəni, müasir tələblərə cavab verən Müzəffər Ordunu, müstəqil xarici siyasəti olan güclü Azərbaycanı və ən nəhayət  Dövlət-Xalq və Hakimiyyətin siyasi münasibət fonunda həmrəyliyinə  nail olunmasını qazandırdı. Son bir il ərzində keçirilmiş prezident, parlament və bələdiyyə seçkiləri Azərbaycan xalqının Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə birmənalı dəstəyinin növbəti təzahürü olmuşdur.

Seçilən
3
ikisahil.az

1Mənbələr