Tbilisi, 13 mart, AZƏRTAC
Gürcüstanın işğal olunmuş Abxaziya və Tsxinvali bölgəsindəki münaqişələr nəticəsində itkin düşmüş 2000-ə yaxın hərbçi və mülki şəxs barədə hələdə məlumat yoxdur. Onların ailələrinin gözü hələ də yoldadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.
Onun sözlərinə görə, itkin düşmüş vətəndaşların axtarışları davam edir. Gürcüstan hökuməti həmin insanlar haqqında məlumat əldə etmək, onların tapılması istiqamətində tədbirləri davam etdirir.
“Təəssüf ki, hələdə bəzi qüvvələr müharibənin ağrı-acısını, necə böyük fəlakətlər gətirdiyini anlamırlar. Yerli radikallar xarici havadarlarının dəstəyi və təkidi ilə bu gün də Gürcüstanı müharibəyə sürükləyirlər. Lakin Gürcüstan hökuməti və gürcü xalqı buna imkan verməyəcək” – deyə, Papuaşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi