Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh müqaviləsinin son iki bəndi üzrə razılaşma barədə məlumatı təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan XİN-in Mətbuat xidməti yayıb.
Mənbə yazır ki, Ermənistan diplomatik kanallar vasitəsilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş” layihəsinin razılaşdırılmamış iki maddəsi üzrə Azərbaycanın təkliflərini qəbul etdiyini bildirib.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan sülh sazişinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırıb,
Onun sözlərinə görə, Ermənistan Azərbaycan tərəfinin razılaşmanın son iki razılaşdırılmamış bəndi ilə bağlı təkliflərini qəbul edib:
“Növbəti mərhələdə Bakının gözləntiləri belədir: Ermənistan Azərbaycana qarşı hələ də ərazi iddialarını özündə əks etdirən Konstitusiyasına dəyişiklik etməlidir”.
Günel Mikayılova,
KONKRET.az