Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıçın APA-ya müsahibəsi
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi məsələsini yaxından izləyir və addımlarımızı ona uyğun atırıq
- Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi hansı mərhələdədir?
- Türkiyə və Ermənistan arasında normallaşma prosesi ilə bağlı bizim mövqeyimiz əvvəlcədən məlumdur. Azərbaycanın təhlükəsizliyi, ərazi bütövlüyü bizim üçün ən əsas amildir. Bu mövqedən çıxış edərək İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasındakı prosesi, sülh müqaviləsi məsələsini yaxından izləyir və addımlarımızı ona uyğun atırıq. Təbii ki, Ermənistanla apardığımız müzakirələr var. Həm Azərbaycan, həm Türkiyənin Ermənistanla birgə təmsil olunduqldarı beynəlxalq qurumlar da var. Ən doğru həlli tapmaq, birgə irəliləyərək sülh içərisində yaşamaq üçün çalışırıq.
- Hazırkı mərhələdə Türkiyə ilə Ermənistanın qarşılıqlı şəkildə diplomatik nümayəndəliklər açması məsələsi müzakirə mövzusudur?
- Hazırda bununla bağlı müzakirə aparılmasını zəruri edəcək durum yoxdur. Həm də mənim bu haqda məlumatım yoxdur. Yenə də qeyd edirəm ki, bizim proseslə bağlı mövqeyimiz məlumdur: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bir çox məsələlərin həlli üçün açar olacaq.
Bizim hazırda diqqətimizi yönəltdiyimiz məsələ Azərbaycanla Ermənistan arasındakı prosesdir
- Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsini istəyir, çünki Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları yer alır. Ermənistanın Türkiyəyə qarşı da ərazi iddiaları var. Türkiyənin də münasibətlərin normallaşması üçün Ermənistandan ərazi iddialarını geri götürməsinə dair tələbi var?
- Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanla aparılan sülh müqaviləsinin mətninin razılaşdırıldığı barədə açıqlama verdiyinə dair məlumat aldım. Bizim hazırda diqqətimizi yönəltdiyimiz məsələ Azərbaycanla Ermənistan arasındakı prosesdir.
Türkiyə və Azərbaycan təcrübələrini bir araya gətirərək arzuedilməz halın baş verməməsi üçün çalışacaq
- Azərbaycan son illərdə Avropa İttifaqının, Fransanın Ermənistanı silahlandırmaq istiqamətində səylərindən narahatdır. Türkiyə bu məsələ ilə bağlı hər hansı addımlar atır?
- Türkiyənin Avropa İttifaqına üzvlüyü prosesi 60 ildir davam edir. Bu, Türkiyəyə qarşı haqsızlığa yol verilmiş bir prosesdir. Bu prosesdə Avropa İttifaqı strukturlarının necə çalışdığı yönündə qazandığımız bir təcrübə var. Bu kontekstdə Türkiyə və Azərbaycan təcrübələrini bir araya gətirərək arzuedilməz halın baş verməməsi üçün çalışacaq.
Azərbaycanın Suriyaya dəstək vermək, iştirak etmək istədiyi proseslərlə bağlı bütün imkanları yaradırıq
- Bəs Suriya məsələsində Türkiyə və Azərbaycan hansı formada əməkdaşlıq edir?
- Savaşın davam etdiyi 14 il ərzində Suriya xalqına yardım etmək üçün Türkiyə olaraq çox çalışdıq. Türkiyədə Əsəd rejiminin zülmündən qaçan 4 milyona qədər suriyalı qaçqın vardı. Sonrakı mərhələdə tövsiyələrimizi nəzərə alaraq, Suriyanın birliyi üçün mübarizə aparanlarla yaxın münasibətimiz oldu. Bu gün isə bir çox ölkə Suriya ilə münasibətlər qurmaq üçün Türkiyədən dəstək istəyib. Biz birlikdə can Azərbaycanın Suriyaya dəstək vermək, iştirak etmək istədiyi proseslərlə bağlı bütün imkanları yaradırıq.