Xəbər verdiyimiz kimi, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili büdcə vəsaitlərindən 3,2 milyon dollar mənimsəmək ittihamı ilə 9 il həbs cəzası alıb. İstintaqa görə, o, 2009-2012-ci illərdə dövlət vəsaitlərini şəxsi ehtiyacları üçün xərcləyib. Saakaşvili hazırda Gürcüstanda həbsdədir. O, 1 oktyabr 2021-ci ildə ölkəyə qayıtdıqdan sonra saxlanılıb.
Saakaşvili hakimiyyətə gəldiyi ilk illərdə MDB məkanında hakimiyyətlərə, prezidentlərə nümunə göstərilirdi. “Əsl prezident belə olar”, “Gürcüstanı görün necə ağ günə çıxartdı” sözləri hər addımda işlədilirdi. Onun fəaliyyətini təftiş edən ekspertlərin gəldiyi qənaət isə demək olar eynidir: “Populizmə aşırı meyl, ictimai rəyə oynamaq ehtirası, şoularla üzdə qalmaq ehtiyacı Saakaşvilini reallıqdan uzaqlaşdırdı və sonunu gətirdi”. Belə aydın olur ki, Gürcüstanda artıq inqilab yolu ilə hakimiyyət dəyişikliyi gözləntisi puç oldu. Bu o deməkdir ki, Saakaşvili yaxın vaxtlarda azadlığa çıxa bilməyəcək.
Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, müxtəlif güc mərkəzlərinin layihəsi olaraq hakimiyyətə gətirilən liderlərin siyasi ömrü çox da uzun olmur:
Hikmət Babaoğlu
“Post-sovet məkanında bunun bir çox nümunəsi var. Belə liderlərin xəbəri olduğu və ya olmadığı halda öz milli və dövlətçilik maraqlarından daha çox başqa maraqlara xidmət etməklə təmsil etdikləri ölkəni və xalqı çətin vəziyyətə salırlar. Nəzərə almaq lazımdır ki, indiki mürəkkəb tarixi mərhələdə bu cür addımlar həmin ölkələri çox dağıdıcı təsirə məruz qoya bilər. Saakaşvili də belə nümunələrdəndir. Rəngli inqilabla hakimiyyətə gələn liderlərin hamısının aqibəti həzin, siyasi ömrü çox qısa oldu. Bu hər bir ölkə üçün dərs olmalıdır.
Azərbaycan ictimai rəyi qibtə ediləcək qədər savadlıdır. Rəngli inqilablar mərhələsində siyasi yetkinlik və müdriklik nümayiş etdirərək ölkədə xaosun yaranmasının qarşısı alındı”.
Politoloq Elxan Şahinoğlu isə xatırladıb ki, Mixayıl Saakaşvili 2000-ci illərin əvvəllərində rəngli inqilabla hakimiyyətə gəlib:
“İlk rəngli inqilab post-sovet məkanı Gürcüstanda baş verdi. “Qızılgül inqilabı” adlanırdı. Saakaşvili və ətrafı parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığını iddia edərək parlamentə daxil oldular, yeni seçki keçirildi. Saakaşvilinin partiyası üstünlük qazandı. Ardınca özü prezident seçildi. Qərblə sıx əməkdaşlıq qurdu, müəyyən islahatlar apardı. Bunların uğurlu olduğunu da demək olar.
Elxan Şahinoğlu
Təbii ki, yanlışları da oldu. Bəziləri hazır olmadığı halda Gürcüstanın Rusiya ilə müharibəyə başlamasının yanlış qərar olduğunu düşünür, ittiham edirdilər. Halbuki Saakaşvili ölkəsinin ərazi bütövlüyünü bərpa etmək istəyirdi. Sadəcə olaraq gücünü normal dəyərləndirə bilmədi. Bu müharibə Gürcüstanın iki bölgəsinin itirilməsi ilə nəticələndi. Ona qədər də onsuz Abxaziya və Cənubi Osetiyaya nəzarət etmirdi. Amma bundan sonra həmin iki bölgəni geri qaytarmaq son dərəcə çətin olacağı istiqamətində çox ittihamlar səsləndirildi. Ardınca Saakaşvili ölkəni tərk etdi. Qərblə əməkdaşlıq edir, dəstək alırdı. Yenidən Gürcüstana qayıdıb hakimiyyəti ələ keçirməyə cəhd etsə də bu baş tutmadı və həbs edildi”.
Politoloqun sözlərinə görə, Saakaşvili son ana qədər Qərbdən dəstək ala bilmədi:
“O, faktiki olaraq tək qalmışdı. İndi də 9 il iş verildi. Bu, post-sovet məkanında rəngli inqilabların nəticəsiz qaldığının göstəricisi idi. Yəni kənar müdaxilə ilə ölkə daxilində dəyişikliyin sonu yaxşı olmur. Faciəvi nəticələrə gətirib çıxarır. Yaxın Şərqdə də bu kimi halların şahidi oluruq. Saakaşvilinin vaxtından əvvəl həbsdən azad edilməsi gözlənilmir”.
Safura Bənnayeva
Mənbə: globalinfo.az