BMT-nin Təhlükəsizlik Şurasında yalnız 5 dövlətin öz sözünü deməsi ədalətli yanaşma deyil.
APA xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç XII Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan "Gələcək üçün BMT Paktı: Yeni Qlobal Konsensusun Yaradılması" adlanan paneldə bildirib.
O deyib ki, ölkəsi mümkün qədər Ukraynanın yanında olmağa çalışsa da, mövcud olan müəyyən məhdudiyyətlər, habelə münaqişə tərəfləri arasında etimad mühitinin olmaması buna yetərincə imkan vermir.
Akif Çağatay Kılıç son illər yaşanan siyasi proseslərin dünya əhalisinin siyasətçilərə etimadını azaltdığına da toxunub:
"Mənim ölkəm uzun müddətdir ki, Avropa İttifaqına üzvlüyə namizəddir, lakin ona məqsədinə nail olmağa imkan verilmir. Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi ki, Avropa İttifaqının üzvü olmaq ölkəmizin strateji məqsədidir. Dünyada beş fövqəlgüc var, amma onlar mövcud problemləri həll etmir. Dünyada sorğu aparılsa görülər ki, insanlar siyasətçilərə etibar etmir. Əhali istəyir ki, yalnız onları narahat edən məsələlər nəzərdən keçirilsin. BMT-nin Təhlükəsizlik Şurasında yalnız 5 dövlətin öz sözünü deməsi ədalətli yanaşma deyil. Biz özümüzə aid olan məsələləri vaxtında həll etməliyik ki, onlar bizi öz cənginə almasın".