İsrailin hərbi təyyarələri Dəməşqə hava hücumu edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Al-Jazeera” telekanalı məlumat yayıb.
SANA-nın məlumatına görə, hücumlar paytaxt Dəməşqdən 103 km cənubda yerləşən Dera əyalətinin şimalındakı iki şəhəri vurub.
İsrail mediası isə bildirib ki, hava hücumları Suriyadakı üsyançı qrupların “ələ keçirməyə çalışdığı” Əsəd rejimi ordusunun postlarını, silah anbarlarını, radarlarını, tanklarını və artilleriyasını hədəf alıb. İsrail Suriyanın paytaxtında “İslami Cihad” qruplaşmasının binasına hava zərbəsi endirdiyini iddia edib.
Hərbi bəyanatda zərbənin kəşfiyyat məlumatlarına əsaslandığı bildirilib və hədəf alınan bina qrup üçün “komanda mərkəzi” adlandırılıb.
İsrailin müdafiə naziri İsrael Katz deyib ki, Təl-Əviv Suriyanın İsrailə qarşı təhdid olmasına imkan verməyəcək.
Qruplaşma öz növbəsində, İsrailin iddialarını rədd edərək, vurulan ərazinin boş bir bina olduğunu açıqlayıb.
Suriyanın dövlət xəbər agentliyi SANA İsrailin Dəməşqin kənarındakı Dummar Layihəsi ərazisindəki binaya hücumunu təsdiqləyib.
Xəbərlərə görə, İsrail həmçinin Suriyadakı hərbi obyektləri və aktivləri, o cümlədən döyüş təyyarələri, raket sistemləri və hava hücumundan müdafiə qurğularını hədəf alan yüzlərlə hava hücumu təşkil edib.