Çempionlar Liqasının 1/8 finalının cavab matçında ''Liverpul'' PSJ-ni qəbul etdi.
''Football-plus.az'' xəbər verir ki, ''Enfild''dəki qarşılaşma meydan sahibləri üçün dramatik və uğursuz bitdi.
Ötən həftə Parisdə keçirilən ilk oyunda ''Liverpul'' zəif təsir bağışlamasına baxmayaraq minimal hesabla qalib gəlmişdi. Cavab oyununda da PSJ üstün təsir bağışladı və Dembelenin 12-ci dəqiqədə vurduğu qol görüşdə yeganə oldu. Qeyd edək ki, Paris nəhəngi cavab matçında 2,56 xG (qol gözləntisi) yaxaladı.
Bu mövsüm ''Enfild''də heç bir klubun bu cür göstəricisi olmamışdı. Duelin taleyi penaltilər seriyasında həll olundu və burda Canluici Donnarumma səhnəyə çıxdı. İlk görüşdə buraxdığı qoldan sonra ciddi tənqid atəşinə tutulan italiyalı qapıçı penaltilər seriyasında qəhrəmana çevrildi.
O, Salahın zərbəsini dəf edə bilməsə də, Nunyes ilə Consun zərbəsini qaytarmağı bacardı. Qonaqlarda isə penaltini boşa verən futbolçu olmadı. Nəticədə PSJ penaltilər seriyasında 4:1 qalib gələrək ən güclü 8 komanda sırasına yüksəldi. PSJ son 40 ildə ÇK/ÇL-də penaltilər seriyasında qalib gələn cəmi 2-ci Fransa təmsilçisi oldu. Sonuncu dəfə fransızlardan bu turnirdə 1984/85-də ''Bordo'' ''Dnepr'' ilə görüşdə penaltilərdə üstün olmuşdu. Sonradan Fransa təmsilçiləri təsnifat mərhələləri də daxil olmaqla ardıcıl 4 penalti seriyasından məğlub ayrılmışdılar.
Bundan başqa ''Liverpul''un birdən-birə iki seriyası qırıldı. Komanda tarixində ilk dəfə ÇK/ÇL-də penaltilər seriyasında uduzdu. Buna qədər ''qırmızılar'' bu turnirdə 3 dəfə penaltilər seriyasında iştirak etmiş və hamısından qalib ayrılmışdı. Və nəhayət, ''Liverpul'' tarixində ilk dəfə ÇK/ÇL-in pley-offunda səfərdəki ilk görüşdə qalib gəldiyi halda mərhələ adlaya bilmədi!
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta