Bakı, 13 mart, AZƏRTAC
Türkiyə coğrafi mövqeyinə görə bütün münaqişələrin mərkəzinə çevrilib. Bu gün qonşuluğumuzda olan Qəzza, Ukrayna və digər münaqişə yaşanan bölgələrdə sabitlik çox dəyişkəndir. Ermənistan və Azərbaycan arasında 30 illik müharibə öz həllini tapa bilmirdi.
Minlərlə insanlar bu cür münaqişələrdə həyatlarını itirdi. Bu isə münaqişə tərəflərinin bir-birinə etimad göstərməməsindən irəli gəlir.
AZƏRTAC xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” adlı panel iclasında Türkiyə Respublikası Prezidentinin milli təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıc söyləyib.
“BMT onlara müraciət edən bir çox ölkələrin problemlərini anlamır və yaxud həll etmək istəmir, Təhlükəsizlik Şurası da həmçinin.
Dünyanın müxtəlif ölkələrində insanlardan soruşsanız, bir çoxları siyasətçilərə etibar etmirlər. Nə üçün? Çünki düşünürlər ki, siyasətçilər yalnız öz problemlərini həll edir. Təhlükəsizlik Şurasında beş dövlətin yalnız öz sözünü deməsi, fikrimcə, ədalətli deyil.
Biz öz məsələlərimizi indidən həll etməliyik ki, gələcək nəsillər bu tələdə qalmasınlar”, - deyə Akif Çağatay Kılıc əlavə edib.