Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin mətni üzrə danışıqların başa çatması mühüm hadisədir.
KONKRET.az “news.am” saytına istinadən xəbər verir ki, bunu Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bu gün, martın 13-də “Vətəndaş müqaviləsi” partiyasının ofisinin qarşısında jurnalistlərlə söhbətində deyib.
“Mətnin dərc edilməyinə gəlincə, açığını desəm, təcrübəyə baxmaq lazımdır. Bu mətndə ictimaiyyətimizdən heç bir sirrimiz yoxdur və əslində hər bir detal bu və ya digər şəkildə ayrıca dərc olunub. Düşünürəm ki, ictimaiyyətin məzmunla tanış olduğunu deyə bilərsiniz”, Paşinyan əlavə edib.
Baş nazir sazişin imzalanma müddətinə də toxunub:
“Biz artıq qeyd etmişik ki, mətn imzalanmağa hazırdır. İmzalanma tarixləri və yeri ilə bağlı müzakirələrə başlamağa hazırıq. Azərbaycan Xarici İşlər Nazirliyi ikitərəfli formatda müzakirələrə başlamağa hazır olduqları barədə bəyanat yayıb. Onların öz, bizim də öz ideyamız var və güman edirəm ki, bu müzakirələr zamanı biz bu ideyaları bir-birinə yaxınlaşdırmağa çalışacağıq”.
Qeyd edək ki, Azərbaycan XİN artıq Ermənistan Konstitusiyasına dəyişiklik edilməsini və ATƏT-in Minsk Qrupunun buraxılmasını tələb edərək sazişin imzalanması şərtlərini açıqlayıb.
Rəsmiyyə Şərifova
KONKRET.az