Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlar başa çatdı və bütün mübahisəli məqamlar razılaşdırıldı. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun açıqlamasına görə, İrəvan Azərbaycanın bütün şərtlərini qəbul edib və sülh müqaviləsinin imzalanması üçün maneələr aradan qaldırılıb.
Məsələ ilə bağlı artıq beynəlxalq mediada da məlumatlar yayılmağa başlayıb. Jurnalist Elbəyi Həsənli Qərbə bağlı “OC Media” saytına əsasən yazır ki, Ermənistan ciddi güzəştlərə gedib, xüsusilə də Aİ müşahidəçilərinin sərhəddən çıxarılmasına və Azərbaycana qarşı beynəlxalq məhkəmə iddialarının dayandırılmasına razılaşıb.
Bəs sənəddə öncə? razılaşdırılmayan, sonradan isə qəbul edilən maddələr hansılardır?
Musavat.com bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin daha əvvəl Rusiyanın “Rossiya Seqodnya” media qrupuna verdiyi müsahibədə bu məsələlərə aydınlıq gətirilib. Dövlət başçısı vurğulamışdı ki, sazişin 17 maddəsindən 15-i artıq razılaşdırılıb, yalnız iki məsələ mübahisəli olaraq qalırdı.
İndi isə İrəvan bu iki məsələdə də Bakının mövqeyini qəbul edib.
Mübahisəli olan və razılaşdırılan iki əsas maddə:
* Beynəlxalq iddialardan imtina
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan Azərbaycana qarşı beynəlxalq hüquq instansiyalarında iddialar qaldırmaqdan imtina etməlidir. Azərbaycan işğal dövründə ölkəyə dəymiş 150 milyard dollardan çox ziyanı dəqiq sənədləşdirib və bu, hüquqi baza kimi hazırdır. Lakin sülh sazişi çərçivəsində tərəflər qarşılıqlı olaraq bu iddialardan əl çəkməlidir.
* Üçüncü ölkələrin sərhəddə yerləşdirilməməsi
Azərbaycan Ermənistanın sərhəddə Avropa İttifaqı və NATO qüvvələrini yerləşdirməsinə qarşıdır. İlham Əliyev müsahibəsində bildirib ki, 2022-ci ilin oktyabrında Şarl Mişel, Fransa Prezidenti və Ermənistan Baş Naziri Nikol Paşinyanla dördtərəfli görüşdə Avropa müşahidəçilərinin yalnız 2 aylıq məhdud sayda yerləşdirilməsi razılaşdırılmışdı. Ancaq bu razılaşma pozulub, missiyanın müddəti uzadılıb və kontingentin sayı artırılaraq NATO ölkələrinin nümayəndələri də ora daxil edilib. Azərbaycan bu şərtin qəbul edilməsini tələb edirdi və Ermənistan artıq buna razılaşıb.
Bununla yanaşı, İrəvan Azərbaycanın iki əsas şərtini də qəbul etməlidir:
- Ermənistan Konstitusiyasını dəyişməlidir – Çünki mövcud Konstitusiyada Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar yer alır.
- ATƏT-in Minsk Qrupunun ləğvi – Rəsmi Bakı bəyan edir ki, Minsk Qrupu artıq mövcud deyil və Ermənistan da onun rəsmən ləğv edilməsinə razılıq verməlidir.
İrəvanın tam geri çəkilməsi və Bakının diplomatik qələbəsi
Bütün bu şərtlərin qəbul edilməsi Azərbaycanın sülh danışıqlarında strateji üstünlüyə sahib olduğunu bir daha sübut edir. İrəvan artıq siyasi və hüquqi olaraq geriyə addım atmaq məcburiyyətində qalıb.
Məsələ ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyi də xüsusi açıqlama verib və Ceyhun Bayramovun məlumatını təsdiqləyib.
Dünyada baş verən ciddi geosiyasi dəyişikliklər fonunda bu qərar Azərbaycanın böyük diplomatik qələbəsi kimi qiymətləndirilir.
Musavat.com