İstanbul, 13 mart, Günel Karatepe, AZƏRTAC
Çanaqqala Zəfərinin izləri bu gün də bizə ilham verir. 2020-ci ildə Azərbaycanın Qarabağdakı torpaqlarını işğaldan azad etmək uğrunda apardığı mübarizədə Çanaqqala ruhunun yenidən canlandığını və türk millətinin birliyinin gücünün bir daha dünya səhnəsinə çıxardığını görmək bizə böyük qürur verdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizədə qazandığı bu Zəfər “Bir millət, iki dövlət” anlayışının nə qədər güclü və mənalı olduğunu bir daha göz önündə canlandırdı. Çanaqqaladan Qarabağa uzanan bu Zəfər yürüşü türk millətinin gücünün, dözümünün və qardaşlıq anlayışının rəmzidir. Türkiyə Azərbaycanın yanında qətiyyətlə dayanaraq Qarabağ Zəfərinin qazanılmasında mühüm rol oynadı.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyədə fəaliyyət göstərən Azərbaycan dərnəkləri tərəfindən 18 Mart - Çanaqqala Dəniz Zəfərinin 110-cu ildönümü ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlanan məktubda yer alıb.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) İdarə Heyətinin sədri Ədalət Turanın imzası ilə göndərilən məktubda bildirilib ki, türk millətinin tarix boyu qəhrəmanlıqla müşayiət olunan yürüşü hər dövrdə misilsiz bir dözüm və qətiyyət rəmzi olub. Bu yürüşün ən parlaq nümunələrindən biri də Çanaqqala Zəfəridir. 1915-ci il martın 18-də türk millətinin azadlıq və müstəqillik uğrunda apardığı bu mübarizənin təkcə Osmanlı dövlətinin deyil, bütün Türk dünyasının taleyini formalaşdırdığı həqiqəti yaddaşımızda dərin iz qoyub. Çanaqqala Zəfəri türk millətinin hər şəraitdə qarşısına çıxan çətinlikləri aşmaq əzminin rəmzinə çevrilməklə yanaşı, Azərbaycan ilə Türkiyənin qardaşlıq bağlarının daha da möhkəmlənməsidir. Çanaqqalada vuruşan azərbaycanlı əsgərlər Vətəni qoruma şərəfini daşıyaraq bir millətin gücünün yalnız torpaq sərhədləri ilə deyil, mənəvi bağlarla da formalaşdığını bütün dünyaya nümayiş etdirdilər.
Prezident Ərdoğanın liderliyi ilə Türk dünyasının birliyinin daha da möhkəmləndiyinin, İkinci Qarabağ müharibəsi dövründə Türkiyənin ölkəmizə verdiyi mənəvi və siyasi dəstəyin vurğulandığı mətndə, həmçinin deyilir: “Bu gün sizin rəhbərliyiniz ilə Türkiyə məzlum xalqlara ümid olmağa davam edir və Türk dünyasında sülhün, əmin-amanlığın qarantı kimi çıxış edir. Sizin liderliyiniz ilə türk milləti tarixindəki ən önəmli zəfərlərin arxasında dayanan birlik və dözüm gücünə sahib çıxaraq hər zaman bir-birinə bağlı və güclü qalıb. Çanaqqalada başlayan Zəfərin Qarabağda davam etməsi, bu torpaqlarda yaşayan hər bir vətəndaş üçün qürur mənbəyidir. Bu zəfərlərin gələcək nəsillərə ötürülməsi və birlik, qardaşlıq bağlarının daha da güclənməsi üçün atılacaq hər addımda türk millətinin iradəsi və qətiyyəti yol göstəricisi olacaq. Çanaqqaladan Qarabağa uzanan bu zəfər yürüşü türk millətinin tarix səhnəsindəki gücünün və dözümünün bir nümunəsidir”.