Şuşa şəhərində anadan olur...
Ailənin ilk övladı olur...
11 yaşında taleyinə qaçqınlıq yazılır...
Azərbaycan Texnologiya Universitetində ali təhsil alır...
2012-2014-cü illərdə Hərbi xidmətini Naxçıvanda keçir, daha sonra Gəncədə leytenant kimi müddətli hərbi xidmət keçir...
2014-cü ildə zabit kimi ehtiyata buraxılır... Mərdliyi, cəsurluğu, ağır xarakteri ilə çoxlarından seçilir...
2020-ci ilin sentyabrın 21 - də leytenant kimi könüllü olaraq təlimlərə qoşulur...
Vətən Müharibəsində Cəbrayıl və Füzuli uğrunda gedən döyüşlərdə vəzifə borcunu şərəflə yerinə yetirərək qəhrəmancasına döyüşən və Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksələn leytenant Nurlan Həsənov!
İgidimiz vətən qarşısındakı xidmətlərinə görə "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Atası Nadir Həsənov deyir ki, "Nurlan haqqında danışmaq mənim üçün həm çətindir, həm də şərəfli. Çətindir ona görə ki, o mənim ilk övladım idi. Vuran qolum idi. Elə bir oğulu itirmək bir ata kimi mənim üçün çox ağırdır. Şərəflidir ona görə ki, Nurlan ən yüksək mərtəbəyə şəhidlik mərtəbəsinə yüksəldi. Canını vətən yolunda fəda etdi. Qəhrəman kimi köçdü həyatdan. Oğlum 29 il ömür yaşasa da şərəflə, ləyaqətlə yaşadı!"
Anası Həqiqət Həsənova Xankəndində ermənilərin təxribatından, öncə Şuşaya, daha sonra Gəncəyə gəlişlərindən, şəhidimizin uşaqlıq xatirələrindən danışır: "Mən evdə də, işdə də hər gün Şuşadan danışırdım. Şuşanın alınmasını, ora qayıdacağımız günü səbirsizliklə gözləyirdim. Balamı da belə vətənpərvər ruhda böyütmüşdük. Bir gün dedi ki, "ana, müharibə olsa, mən gedəcəm" . Etiraz etmədim. Dedim, nəinki sən, elə mən də gedərəm. Müharibə başlamasına bir neçə gün qalmış gəlib məni işdən götürdü. Elə yolda mənə dedi ki, ana mən hərbi hissəyə gedirəm! Çağırışa yazıldığını bilirdik. Elə həvəsli, elə sevincli idi ki... Onu yola salanda son sözü "Salamat qal, ana!" oldu... Oktyabrın 1-də bizə zəng vurub Nurlanın yaralandığını dedilər. Heç demə balam artıq şəhid olubmuş... "
"Mən qürur hissi keçirdirəm ki, Nurlan Vətən ylunda, xalq yolunda şəhid olub. Onun övladları da hər zaman atalari ilə qürur duyacaqlar" deyən atanın elə oğlu qəhrəman olmalıydı şəhidim!
Yeganə millətik ki, müharibəyə toy-bayrama gedər kimi getdik! Nə qədər ki, Nurlanlanlar, Mehrablar, Camallar, Muradlar olacaq, Pəncəlilər, Mühidlər, Samidlər olacaq.... bu millətin qəhrəmanlıq ruhunu öldürmək mümkün olmayacaq!
Əziz ruhun qarşısında baş əyirəm "Mən Şuşanı almağa gedirəm" deyib Şuşanı görmədən şəhidliyə yüksələn igidim!
Əminəm ki, sənin ruhun Şuşa qalasında, Kirs dağında, Topxana meşəsində, Cıdır düzündə Şuşanın bu gözəl günlərinə şahidlik edir!
Allah sənə rəhmət eləsin qəhrəman qardaşım! Məkanın cənnət, əziz ruhun şad olsun!
Səni unutmarıq.... Unutdurmarıq!
Sevinc Bəhmənli