Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandırıb.
“Qafqazinfo”nun məlumatına görə, Qarabağda qondarma rejimin “prezidenti” olmuş Qukasyan məhkəmədə bir sıra etiraflar edib.
O, qondarma rejimdə yaşayan erməni sakinlərə Ermənistan pasportu verildiyini söyləyib: “Dağlıq Qarabağ” heç bir ölkə tərəfindən tanınmadığına görə pasportlarımızda “Ermənistan Respublikası” yazılırdı. Lakin orada harada yaşadığı ünvan göstərilirdi: Xankəndidirsə, Xankəndi, Ağdərədirsə, Ağdərə. Bu pasportlar imkan verirdi ki, insanlar Rusiyaya, Avropaya və digər yerlərə gedə bilsinlər. Ona görə də belə bir qərar qəbul olunmuşdu ki, pasportlar Ermənistanda alınsın. Ermənistan vətəndaşları və Qarabağda yaşayan erməni sakinlərinin istifadə etdikləri pasportlar xarici görünüşünə görə eyni idi. Fərq yalnız seriya nömrələrində idi. Qarabağda yaşayan erməni sakinlər üçün Ermənistan tərəfindən ayrıca seriya nömrəsi verilmişdi.
Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatının aparılmadığını bildirən A.Qukasyan qeyd edib: “Ermənistan vətəndaşlarının Qarabağa gəldikdə və Qarabağda yaşayan erməni sakinlərinin Ermənistana getdikdə qeydiyyat aparılmırdı. Ermənistandan Qarabağa xarici vətəndaşlar gələndə və qayıdanda onların qeydiyyatı aparılırdı. Çox ölkələrdən gəlirdilər. Bir müddət bundan əvvəl “hakimiyyətdə olanlar” bu suallara cavab verə bilərlər. Çox insan - deputatlar, senatorlar, konqresmenlər və digərləri gəlirdilər”.