AZ

PYD: Türkiyə ilə düşmənçilik istəmirik

Muxtariyyət və ya başqa bir dövlət qurmaq istəmirik, Türkiyə ilə düşmənçiliklə bir yerə gedib çatmayacağımıza inanırıq.

"Cebheinfo.az" Teleqraf-a istinadən xəbər verir ki, bunu PKK terror təşkilatının Suriyadakı siyasi qanadı “Demokratik Birlik Partiyası”nın (PYD) rəhbəri Saleh Müslüm Dəməşqlə son razılaşmanı şərh edərkən deyib.

“Uzun müddətdir Şaraa hökuməti ilə danışıqlar aparırıq. ABŞ və ya başqa bir ölkənin göstərişi ilə masa arxasında oturmamışıq. Biz heç kimin daxili quruluşumuza və yekun qərarlarımıza qarışmasına imkan vermirik. Tezliklə Suriyanın şimal-şərqindən çəkilmə qərarı verilə bilərik. Planlarımızı ABŞ və ya başqalarına əsaslanaraq qurmuruq. Açığı, Trampa o qədər də inanmırıq. Ancaq bu, o demək deyil ki, dostlarımızla heç nə barədə məsləhətləşmirik”, - Müslüm bildirib.

PYD rəhbəri PKK terror təşkilatının lideri Abdullah Öcalanın təşkilatın ləğvi ilə bağlı çağırışına əməl edəcəklərini də açıqlayıb.

Saleh Müslüm Türkiyənin PKK ilə bağlı həmlələrini “tarixi dəyişdirəcək inkişaf” adlandırıb:

“İlk növbədə, Yaxın Şərq bu sülh prosesindən güclü şəkildə təsirlənəcək. Türkiyə ilə düşmənçiliklə harasa gedə biləcəyimizə inanmırıq. Türklər bizim qonşumuz və dost xalqdır. Başqa bir dövlət qurmaq niyyətində deyilik. Suriyada demokratik iştirak çərçivəsində var olmaq üçün bu addımı atdıq. Türkiyə və Suriya xalqının bir parçası olmaq, qardaşlıq sülhü içində yaşamaq istəyirik. Suriyada muxtariyyət tələb etmirik. Heç bir siyasi ilkin şərt irəli sürmürük. Biz sadəcə bərabərlilik əsasında ədalətli idarəetmə istəyirik”.

Xatırladaq ki, martın 11-də Suriya rəhbərliyi ilə PKK-ya bağlı “Suriya Demokratik Qüvvələri” (SDQ) arasında razılaşma əldə olunub. Anlaşma əsasında SDQ və onun əsas hərbi qüvvəsi YPG Suriya ordusuna inteqrasiya edəcək.

"Cebheinfo.az"

Seçilən
19
cebheinfo.az

1Mənbələr